Uyğunlaşma çətinliyi xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəlinən hallardan biridir. Uşaq və yeniyetmə tanımadığı, öyrəşmədiyi mühitdə olanda ona uyğunlaşa bilmir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova — — saytına deyib: “Bu məsələdə bəzi valideynlərin də yol verdiyi bəzi yanlışlıq və tələskənlik halalrı da olur. Məsələn, əksər valideynlər uşaqlardan yeni bir mühitə düşərkən çox sürətlə ona uyğunlaşmasını, ətrafdakılarla, həmyaşıdları ilə ünsiyyət qurmasını istəyirlər. Lakin bu, qətiyyən doğru yanaşma deyil. Belə olanda valideyn özü də hiss etmədən uşağın özünə inam hissini aşağı salır, onu utandırır, onun özündə çatışmazlıq hiss etməsinə səbəb olur. Həm də belə olanda uşağın uyğunlaşma problemi nəinki həllini tapır, əksinə prosses daha da çətinləşir və uzanır.
Uyğunlşma müddəti normal halda təxminən 5-15 dəqiqə çəkə bilər. Həmin müddətdə uşaq yeni düşdüyü mühiti dərk etməyə və onun üçün əlverişli olub-olmadığını anlamağa çalışır. Əgər uyğunlaşma müddəti həmin vaxtdan daha uzun çəkirsə, deməli, uşaqda öyrəşmək problemi var. Bəzi uşaqlarda həmin problem nəinki tanımadıqları mühitə qarşı, həmçinin tanıdıqları, davamlı qonaq getdikləri məkana və ya yaxınlarına qarşı da ola bilir. Onlar sonralar bağçada və məktəbdə də uyğunlaşma problemi yaşayırlar. Əslində bağça və məktəbin də uyğunlaşma müddəti var və bu, 6 həftə, yəni 2 aya yaxın davam edə bilər. Həmin müddətdə uşağın bağçaya və ya məktəbə getmək istəməməsi, uyğunlaşa bilməməsi, hətta ağlaması normal bir prosesdir. Lakin həmin müddətin daha uzun davam etməsi uşaqda uyğunlaşma probleminin olmasını təsdiq edir”.
Psixoloqun dediyinə görə, hiperaktiv uşaqlarda isə demək olar ki, belə bir çətinlik olmur: “Ümumiyyətlə, hiperaktiv uşaqlarda uyğunlaşma probleminə demək olar ki, təsadüf olunmur və onlarda mühitə uyğunlaşma prosesi sürətli gedir. Onu da qeyd etmək lazımdır ki, uyğunlaşma problemi bəzi hallarda təkcə uşaqda, hətta onun valideynlərində də müşahidə olunur. Qeyd etmək lazımdır ki, sosial fobiyası, uyğunlaşma problemi olan valideynlərin övladlarında da həmin halın yaşanması ehtimalı yüksəkdir. Belə olan halda mütləq peşəkar psixoloq dəstəyi vacibdir. Uyğunlaşma probleminə səthi, diqqətsiz və qeyri-ciddi yanaşmaq olmaz. Həmin problem vaxtında yoluna qoyulmadıqda uşağın gələcək həyatında çətinliklərin yaranmasına və cəmiyyətdə özünə yer tapa bilməməsinə parıb çıxara bilər. Ona görə də uşaqlar arasında həmin halla üzləşmə halları baş verəndə mütləq psixoloqa üz tutmaq, onun məsləhət və tövsiyələrini almaq və onu mümükün qədər erkən yaşlarda yoluna qoymaq lazımdır”.
ictimaixeber.az




