İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ölkəsinin müdafiə qüvvələrinin nüvə müzakirələrinin mövzusu olmayacağını bildirib.
Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Bekayi hazırda İranda heç bir beynəlxalq nüvə müfəttişinin olmadığına diqqət çəkib:
“İranın müdafiə gücü heç bir danışıqların mövzusu olmayacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktor müavini Massimo Aparonun da Tehrana səfəri 10 gündən az müddətə baş tutacaq”.
O, İran parlamentində qəbul edilən qərardan sonra İranın MAQATE ilə əlaqələrini dayandırdığını xatırladıb. Qeyd edib ki, səfərdən sonra MAQATE ilə əlaqələrin gələcəyi ilə bağlı qərar veriləcək.




