Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda yeddimərtəbəli binanın çökməsi ilə əlaqədar İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalar davam edir.
Faciənin səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırmalar zamanı binanın beton sütununda balıqqulağı aşkarlanıb.
Bu barədə “TGRT Haber” nəşrinin müxbiri Hanifi Bayar dağıntı yerindən canlı yayım zamanı bildirib.
O, binanın birinci mərtəbəsinə aid olduğu ehtimal edilən bir sütun parçasını göstərib. Sütunun içində balıqqulaqları olub.
Dağıntılardan çıxarılan beton və sütun parçalarının istintaqda vacib dəlillər arasında yer alacağı qeyd edilir.
Həmçinin çökən binanın ətrafında yerləşən və ehtiyat tədbiri olaraq boşaldılmış üç binadan da əsas nümunələr götürülüb.
Xatırladaq ki, İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın çökməsi nəticəsində üç nəfər həyatını itirib.
Həmçinin sözügedən binanın aylar əvvəl çəkilmiş videogörüntülərində tikilidə çatlar əmələ gəldiyi və getdikcə genişləndiyi əks olunub.
İstintaq tədbirləri çərçivəsində binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.



