İsrail parlamenti İordan çayının qərb sahilinin ilhaqını tələb edən qətnaməni təsdiqləyib.
İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordaniya vadisi ərazilərinə uzadılmasını təklif edən sənədə 71 üzv lehinə, 17-si əleyhinə səs verib.
“The Jerusalem Post” qeyd etdiyi kimi, bu qətnamə deklarativ xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil.
İordan çayının qərb sahili Qəzza zolağı ilə birlikdə BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən qismən tanınan Fələstin dövlətinin bir hissəsi hesab olunur. Bununla belə, ərazi üzərində effektiv nəzarət bölünür. Fələstin Administrasiyası İordan çayının qərb sahilinin yalnız 17%-ni idarə edir, qalanları isə tam və ya qismən İsrailin nəzarəti altındadır.
BMT-nin mövqeyinə görə, ərazi 1967-ci ildən İsrail tərəfindən işğal edilmiş sayılır. İsrail tərəfi “işğal” ifadəsini rədd edir, torpaqları mübahisəli hesab edir və regionla tarixi və dini bağlılığını vurğulayır.
2024-cü ilin iyulunda Beynəlxalq Ədalət Məhkəməsi İsrailin İordan çayının qərb sahilində mövcudluğunun de-fakto ilhaq olduğuna qərar verdi. Məhkəmə həmçinin İsrailin bölgədəki məskunlaşmalarının beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyib. Lakin İsrail heç vaxt İordan çayının qərb sahilini ilhaq etmək niyyətini rəsmi şəkildə bildirməyib.




