Son üç ildə ilk edam: Yaponiyada özlərini öldürmək istəyən yeniyetmələrin ovuna çıxan qatil asıldı

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmü icra edilib.

Bu barədə ölkənin ictimai televiziya kanalları məlumat yayıb.

Eyni zamanda, bu, baş nazir Sigeru İsiba hökumətində ədliyyə naziri tərəfindən imzalanan ilk edam əmri olub.

Qeyd edək ki, Yaponiyada ölüm cəzası dar ağacından asılmaqla həyata keçirilir.

Edam edilən şəxs yerli sakindir, o, 2021-ci ildə ən ağır cəza olan ölüm hökmünə məhkum olunmuşdu. Məhkəmə qərarı onun doqquz nəfəri qətlə yetirməsi səbəbilə çıxarılıb.

Takahiro Siraisi sosial şəbəkələr vasitəsilə intiharameyilli yeniyetmələri və gəncləri aldadaraq evinə cəlb edir, daha sonra isə onları amansızlıqla qətlə yetirirdi.

Ümumilikdə Yaponiyada 1945-ci ildən bəri 105 cinayətkar edam olunub.