Prezidentin Çin səfəri: Yaxın zamanlarda ABŞ da…

0
20

“Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri iki dövlət arasındakı münasibətləri daha güclü səviyyədə inkişaf etdirəcək bir səfər oldu. Bu, mühüm layihələrlə bağlı həyata keçirilən işləri daha da sürətləndirəcək”.

Bu sözləri açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, sözügedən səfər ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə mühüm töhfə verəcək:

“Səfər zamanı 20-dən çox sənəd imzalandı ki, onların arasında əsasən, hüquqi proseslərin sadələşdirilməsi, mülkiyyətin intellektual idarə edilməsi, yaşıl enerjiyə keçidlə bağlıdır. Təbii ki, ən önəmlisi isə Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsi oldu. Bu, artıq Azərbaycana dünyanın ən böyük iqtisadi güclərindən biri olan Çinlə ortaq ticarət əlaqələrini inkişaf etdirməyə imkan verəcək. Yaşıl enerjiyə keçid də Azərbaycan üçün əsas prioritet sahə olduğu üçün bu müstəvidə müqavilənin imzalanması mühüm addım oldu.

Xüsusilə də işğaldan azad edilmiş bölgələrdə “Yaşıl enerji” və “Ağıllı kənd” layihələri məhz bu istiqamətlərdir. Çin şirkətləri də aktiv şəkildə işğaldan azad edilmiş bölgələrdə fəaliyyət göstərəcək. Onlar həmin bölgələrdə infrastrukturun möhkəmləndirilməsi, intellektual idarəetmə sisteminin yaradılmasında yaxından iştirak edəcəklər”.

Politoloq səfər zamanı atılan digər mühüm addımlardan da bəhs etdi:

“Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinin qardaşlaşdırılması Azərbaycanın türk dünyasında bir daha önə çəkilməsi istiqamətində çox mühüm addımdır. Nəzərə alaq ki, Kipr məsələsindəki aktiv mövqeyindən sonra bu dəfə Bakı Uyğur məsələsində də ön plana çıxdı. Yəni Azərbaycan artıq türk dünyasının açar dövləti olmasını məhz bu müqavilə ilə bir daha təsdiq etdi”.

Z.Əmrəliyev sözügedən səfərdə ABŞ-ın mövqeyinə də diqqət çəkdi. Onun sözlərinə görə, bu səfər ABŞ tərəfindən ciddi şəkildə izlənilir:

“Donald Trampın hakimiyyətə gəlməsindən sonra əsas rəqibi Çindir. ABŞ bütün sahələrdə Çinə qarşı mübarizə aparır. Cənubi Qafqazın əsas ölkəsinin Çinlə bu məsələdə yaxınlaşması ABŞ-ın diqqətindən yayınmayacaq.

Böyük ehtimalla eyni formada əməkdaşlığa ABŞ tərəfindən də təklif gələcək. Yaxın zamanda ABŞ-dan Azərbaycana yüksək səviyyədə səfərin şahidi olacağıq. Eyni zamanda Prezident İlham Əliyev ABŞ-a səfərə dəvət edilə bilər.

Bütün bunlara əsasən deyə bilərəm ki, Çin səfəri tək Çinlə əməkdaşlıq baxımından deyil, ümumilikdə Azərbaycanın qlobal gücünün daha da artmasına gətirib çıxaran əhəmiyyətli bir səfər oldu”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Sözügedən mərasimdə iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıqları ehtiva edən bir sıra mühüm sənədlər imzalanıb.