Bir sıra Avropa ölkələri Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara qoşulub.
Bu barədə “SkyNews” telekanalı Fransa prezidenti Emmanuel Makronun müşavirinə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda müzakirələrdə daha üç ölkə iştirak edir: Fransa, Almaniya və Böyük Britaniya. Onlar “Avropa ambisiyalarını” nəzərə alaraq problemi həll etməyin yollarını axtarırlar.
“Parisdə avropalıların iştirak etdiyi müsbət prosesə başlamağımız vacibdir”, – Makronun müşaviri qeyd edib.
O deyib ki, Yelisey sarayı baş tutan dialoqu konstruktiv qiymətləndirib. Mənbənin sözlərinə görə, danışıqlar zamanı iştirakçılar Ukraynadakı vəziyyətlə bağlı mövqelərini yaxınlaşdırmağa nail olublar.
Aprelin 17-də Fransanın paytaxtında Emmanuel Makron, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında görüş keçirilib. Bundan əlavə, Böyük Britaniya Nazirlər Kabineti katibinin təhlükəsizlik üzrə müşaviri Conatan Pauel də danışıqlarda iştirak edib. Əsas müzakirə mövzuları Ukrayna böhranının nizamlanması, Yaxın Şərqdəki vəziyyət və gömrük rüsumları olub.