İstanbul məhkəmələri şəhərdəki etiraz aksiyaları ilə bağlı 55 nəfərin həbsinə qərar verib.
Bu barədə “Halk” telekanalı məlumat yayıb .
“Evlərdə aparılan axtarışlar zamanı aksiyalarda iştirak edən 206 nəfər saxlanılıb, prokurorluq onların həbsini tələb edib. Dindirmələri başa çatan 55 nəfər məhkəmələri tərəfindən həbs edilib”.
Jurnalistlərin məlumatına görə, həbs olunanlar arasında AFP-nin müxbiri Yasin Akgül, “Now News”un fotomüxbiri Ali Onur Tosun, İstanbul bələdiyyəsinin fotomüxbiri Kurtulmuş Ari və digər jurnalistlər var.
Martın 23-də məhkəmə İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və Türkiyədə terror təşkilatı sayılan Kürdüstan Fəhlə Partiyasına yardım etməkdə ittiham edərək həbs edib. İmamoğlu Türkiyənin hazırkı lideri Rəcəb Ərdoğanın əsas siyasi rəqibidir və müxalifət tərəfindən prezident seçkilərində gələcək namizəd kimi qəbul edilib.
Onun həbsindən sonra İstanbulda və Türkiyənin digər şəhərlərində genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aparıcı telekanallar mitinqlərin canlı yayımını dayandırıb.