G7 ölkələri Ukrayna ilə münaqişədə Rusiyaya dəstək verən Çin və digər ölkələrə qarşı tədbir görmək üçün toplaşıblar.
Bu barədə “Bloomberg” G7 ölkələrinin xarici işlər nazirlərinin noyabrın 25-26-da İtaliyada keçiriləcək iclasının kommünike layihəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Çinlə bağlı müvafiq qərar qəbul olunarsa, bu, xarici işlər nazirlərinin əvvəlki görüşü zamanı baş verənlərlə müqayisədə eskalasiya demək olacaq. G7 daha sonra Çini Rusiyaya ikili təyinatlı mallarla dəstəyi dayandıracağına “zəmanət verməyə” çağırıb.
G7-nin həmçinin Rusiyanın enerji, metal və digər malların ixracından gəlir əldə etməsinə mane olmağa davam edəcəyi gözlənilir. Bunun üçün “kölgə donanması”na – Rusiyanın öz neftinə qoyulan qiymət məhdudiyyətlərindən yayınmaq üçün topladığı gizli tanker donanmasına qarşı tədbir görüləcək.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bundan əvvəl Çinə Rusiyaya yardımın nəticələri barədə xəbərdarlıq etmişdi.
Britaniyanın xarici işlər nazirinin sözlərinə görə, Pekin Rusiyaya hərbi məhsul ixrac etməməlidir.
Öz növbəsində G7 ölkələrinin liderləri sanksiyalar və digər tədbirlər vasitəsilə Rusiyaya zərər vurmağa hazır olduqlarını bəyan ediblər.
Xatırladaq ki, hərbi əməliyyatlar başlayandan bəri Ukrayna G7 ölkələri və Avropa İttifaqından (Aİ) ümumilikdə 100 milyard dollardan çox maliyyə yardımı alıb.