İnformasiya texnologiyaları inkişaf etdikcə bütün dövlət və özəl müəssisələr proseslərin icrasının elektronlaşdırılması istiqamətində əməliyyatlar həyata keçirirlər. Bir vaxtlar hər hansı bir işi görmək üçün müxtəlif qurumlarla birbaşa təmasda olmaq lazım gəlirdisə, artıq heç yerə çıxmadan bir telefonla, təmassız, demək olar ki, bütün əməliyyatları icra etmək mümkündür.
Elektronlaşmaya keçid özü ilə bərabər təhlükəsizlik tədbirlərinin gücləndirilməsini də vacib edir. Bəzən məlumatsızlıqdan dolayı kiberdələduzların qurbanına çevrilmək mümkün olur.
Bəzi vətəndaşlar sosial şəbəkələrdə sorğu keçirərək şəxsiyyət vəsiqəsinin sürətindən istifadə etməklə adlarına vergi əməliyyatlarının icra olunub-oluna bilməməsi barədə məlumat almağa çalışıblar.
Maraqlıdır, bəs görəsən, şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə başqasının vergi əməliyyatları ilə bağlı maxinasiyalar etmək mümkündürmü? Onlayn verifikasiyalarda hansı təhlükəsizlik tədbirləri görülür?
Mövzu ilə bağlı cavab olaraq Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sui-istifadə halları şəxsiyyət vəsiqəsinin surəti ilə bağlı deyil, daha çox vətəndaşlardan etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə baş verir:
“Dövlət Vergi Xidmətinin dəfələrlə müraciətlərinə baxmayaraq, bəzən etibardan sui-istifadə hallarına rast gəlinir. Bu daha çox qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların adlarına müxtəlif hüquqi şəxslərin təsis edilməsi ilə bağlı hallardır. Əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və onlardan etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.
Bir sıra hallarda vətəndaşlar özlərinin vergi ödəyicisi olduqlarını və şəxsən məsuliyyət daşıdıqlarını bilmir və ya qanunsuz sahibkarlıq fəaliyyətinin faktiki rəhbəri olan şəxslər tərəfindən qəsdən səhv məlumatlandırılırlar”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadə etməsinə şərait yaratmamağa çağırır.
“Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar. Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
Vətəndaşlar bilməlidirlər ki, digər şəxslərə etibar etdikləri, yaxud 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi, elektron imza onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir. Vətəndaş sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən dövlət orqanlarında qeydiyyat prosesi zamanı bu cür risklərin müəyyənləşdirilməsi mümkün olmur və bu halda bütün məsuliyyət elektron imzaya sahib olan vətəndaşın üzərinə düşür”.
Qurumdan bildirilib ki, Asan İmza (Mobil İmza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün vətəndaşın mobil identifikasiyasıdır:
“Asan İmza bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir. Bütün bunları nəzərə alaraq, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamə verilməsinə biganə yanaşmamağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır.
“Tövsiyə olunur ki, vətəndaşlar onların adına elektron imza alınması ilə bağlı başqa şəxslərə etibarnamə verdikdə, onun ləğvi ilə bağlı notariat kontoruna, elektron imza sertifikatının qüvvəsinin dayandırılması ilə bağlı “Asan Sertifikat Xidmətləri Mərkəzinə (“Asan İmza” olduğu halda) və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq xidməti mərkəzlərinə (gücləndirilmiş elektron imza olduğu halda) müraciət etsinlər. Bununla yanaşı, vətəndaşlar etibardan sui-istifadə edilməklə aldadılmaları və onlara ciddi zərər dəyməsi barədə müvafiq araşdırmanın aparılması üçün aidiyyəti üzrə müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.
Əlavə olaraq bildiririk ki, hazırda Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza” tətbiq edir. Daxilolma prosesində biometrik yoxlama (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təmin olunub ki, bu da şəxsin xəbəri olmadan onun adına hüquqi şəxsin açılmasını istisna edir”.