Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır

0
25

Dünyada hər beş uşaqdan biri münaqişənin olduğu və uşaqlara qarşı cinayətlərin törədildiyi ölkədə yaşayır, gündə orta hesabla 31 uşaq ölür və ya ciddi xəsarət alır. Təxminən 500 milyon uşaq münaqişə vəziyyətində yaşayır.

Bu barədə “Save the Children” təşkilatının son hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə yetkinlik yaşına çatmayanlara qarşı kobud pozuntular və cinayətlərin sayı əvvəlki illə müqayisədə 15% artıb və 2005-ci ildə vəziyyətin qiymətləndirilməsinə başlanandan bəri ən yüksək həddə çatıb. Hesabatda münaqişə şəraitində uşaq hüquqlarının kobud pozulması halları, o cümlədən qətllər, amputasiyalar, oğurluqlar, cinsi zorakılıq, silahlı qruplara cəlb edilmə təhlil edilir. Uşaq müəssisələrinə hücumlar və humanitar yardıma çıxışın olmaması da nəzərə alınır. Təşkilat bildirir ki, belə cinayətlər gündə orta hesabla 76 dəfə törədilir və onların ümumi sayı misli görünməmiş həddə çatıb.

Ən pis vəziyyət uşaqlara qarşı cinayətlərin 170% artdığı Fələstin ərazilərində və 2023-cü ildə uşaqlara qarşı cinayətlərin sayının 2022-ci illə müqayisədə beş dəfədən çox artdığı Sudandadır. “Qara siyahı”ya həmçinin Konqo Demokratik Respublikası və Somali daxildir.

Təşkilat qeyd edir ki, göstərilən məlumatlar yalnız “aysberqin görünən hissəsidir”. Hesabatda qeyd olunur ki, uşaqlığa qarşı cinayətlər iqtisadiyyata təsir göstərir, belə ki, uşaqlara qarşı cinayətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirləri dünya alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq 19.1 trilyon dollar təşkil edir. Bu zaman dünya hərbi xərcləri 2.4 trilyon dollara çatıb.