Azərbaycanda demoqrafik təhlükə: Xilas yolu uşaqpulundadır?

0
41

Hazırda dünyanın üzləşdiyi əsas problemlərdən biri də demoqrafiya ilə bağlıdır. Bu məsələ Azərbaycan üçün də aktualdır. 2018-ci ildə ölkə əhalisinin sayı 10 milyonu keçdi. Hazırda isə bu göstərici 10 milyon 200 min nəfərdir.

Düzdür, son illər Azərbaycan əhalisinin sayında artım müşahidə olunsa da demoqrafik artım tempi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil.

Məsələ ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub açıqlama verib.

O qeyd edib ki, əhalinin sayının artması və azalması siyasi, eyni zamanda hərbi baxımdan strateji əhəmiyyətli məsələdir:

“Çünki əhalinin sayı azalanda bu, ölkənin inkişaf dinamikasına mənfi təsir göstərir. Ona görə bütün ölkələrdə əhalinin sayının artması çox vacib məsələdir. Vətəndaşların rifah səviyyəsinin yüksəlməsi nəticə etibarı ilə əhalinin sayının artmasına təsir göstərə bilər. Bu çox mühüm amildir, amma tam səbəb deyil. Çünki bəzi ölkələrdə, məsələn, Avropanın bir çox ölkələrində əhalinin sayında artım yoxdur, hətta bəzilərində statistika mənfiyə doğru gedir. Buna baxmayaraq həmin ölkələrdə əhalinin rifah vəziyyəti yüksəkdir. Ona görə əhalinin rifah vəziyyətinin yüksək olması əhalinin artmasına tam səbəb deyil. Bəzi ölkələrdə əhalinin rifah vəziyyəti zəifdir, amma artım çoxdur. Bu da əsasən mədəniyyətlə bağlıdır. Bütün bu səbəblər o demək deyil ki, əhalinin sosial vəziyyəti yaxşılaşdırılmasın”.

Sosioloq əlavə edib ki, ölkə üzrə demoqrafik potensial çox zəifdir:

“Ölkədəki demoqrafik vəziyyəti düzəltmək istəyiriksə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün çalışmalıyıq. Bunun ən sadə nümunəsi uşaq pulu məsələsidir. Təəssüflər olsun ki, Azərbaycanda bu problem hələ də qalır və həll olunmur. Bununla yanaşı əhali ilə ideoloji, mədəni iş aparılmalıdır. Əgər boşanmaların sayı 50 faizi ötübsə, burada artımdan söhbət gedə bilməz. Təəssüflər olsun ki, bu məsələdə də vəziyyətimiz ürəkaçan deyil, televiziya verilişləri bunun bariz nümunəsidir”.