Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanı təqdim edildi

0
31

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

Şah İsmayıl Xətainin sağlığında yazılmış və dövrümüzə qədər gəlib çatmış 20 sənəddən biri olan bu fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən “Christie’s” hərracında satın alınıb və Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

Tədbirdə qeyd olunub ki, bu fərman milli-mədəni irsimizin qorunmasına mühüm töhfədir.

Sözügedən fərman Şah İsmayıl Xətai tərəfindən hicri-qəməri təqvimi ilə 914-cü ilin səfər ayının 25-də (miladi təqvimi ilə 4 iyul 1508-ci il) imzalanıb. Fərmana əsasən, Şah İsmayıl Xətai paytaxt Təbrizdəki Xan Əhməd bağını ögey qardaşı Seyid Süleyman Mirzəyə bağışlayıb.

Fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən “Christie’s” hərracında satın alınıb. Fərman əvvəlki sahibi tərəfindən 1983-cü ilde London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin İranşünaslıq fakültesinin professoru Adrian Devid Hyu Bivardan satın alınıb. O, fars dilinde (fars xəttatlığına aid “qara şikəstə” adlı yazı üslubu əsasında) yazılıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov muzey fondlarının zənginləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Nazir müavini bir azərbaycanlı vətəndaşın bu tarixi sənədi hərracdan alaraq Vətənə gətirməsini əlamətdar hadisə kimi qiymətləndirib. Fərid Cəfərov tarixi-maddi faktların toplanılması ənənəsinin davam etdirilməsinin müsbət hal olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli paytaxta gətirilən sənədin siyasi və tarixi əhəmiyyətindən söhbət açıb. O bildirib ki, böyük tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin möhürü olan fərmanın Milli Azərbaycan Tarix Muzeyinə təqdim olunması muzeyin fondu üçün çox qiymətlidir. İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Mədəniyyət Nazirliyinin bu təqdimat mərasimini təşkil etməsi dövlətçilik tariximizə töhfədir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı çıxışında 500 yaşlı sənədi xaricdəki hərracdan satın alıb Azərbaycana gətirən həmvətənimizə dərin minnətdarlığını bildirib. O bildirib ki, fərman farsca yazılsa da, tuğranın içində “sözümüz” kəlməsi türkcə yazılıb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov bu sənədin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu fikirlərin fonunda Şah İsmayıl Xətainin hökmdarlıq dövrü, dövlətçilik tariximizdəki əhəmiyyətli addımlarına nəzər salıb.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu barədə danışıb. O, gələcəkdə də xaricdə olan bu tip qiymətli sənədlərin Azərbaycana gətirilməsini zəruri hesab edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Şah İsmayıl Xətainin yaradıcılıq xüsusiyyətləri, əsərlərinin bədii keyfiyyətləri barədə söhbət açıb.

Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim musiqi alətləri ansamblının, ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri — Rahib Allahverdiyev və Firuzə İsmayılın qiraətində Xətainin poeziyasından nümunələr səsləndirilib

Fərmana Şah İsmayıl Xətainin möhürü vurulub. Fərmanın mətnini təqdim edirik:

“O, Allahdır, ona həmd olsun! Rəhman və Rəhim olan Allahın adı ilə Ya Əli! Hökm yalnız Allaha məxsusdur! Əbül-Müzəffər İsmayıl Bahadur, Bizim Əmrimiz (sözümüz)! Qərar veririk ki, paytaxt Təbrizdə yerləşən Xan Əhməd bağı və əla seyid kimi şəxsiyyətin, xeyirli və sevimli qardaşın ixtiyarında olan bağlar Seyidlərin və dinin izzəti Seyid Süleyman Mirzənin və onun nümayəndələrinin (vukala) ixtiyarına keçməlidir. Oraya başqa heç kim daxil olmamalıdır. Burada yazılanlara əsasən Təbrizin divan işlərinin darğa, kələntər və mütəsəddiləri bunu həll olunmuş bir məsələ hesab etməlidirlər.

Bu baxımdan nə qədər ki, alicənab və ləyaqətli cümlətül-mülk, kəmalüd- dövlə vəl-iqbal Hüseyn bəy Lələ sahib çıxmayıb. Heç kim müdaxilə etməməlidir və hökmü dəyişdirməməlidir. Bunu öz öhdəlikləri hesab etməlidirlər. Bu, indi onların ixtiyarına keçməlidir. Axtarışlar aparılmamalıdır. Əlavə qeyd yoxdur. Səfər ayının 25-1, 914 (4 iyul 1508-ci il)”

Qeyd edək ki, fərmanda adı çəkilən qızılbaş sərkərdəsi Hüseyn bəy Lələ gənc qardaşlar İsmayılın və Süleyman Mirzənin Ağqoyunlu hakimiyyətinin təqiblərindən gizlənmələrinə kömək etməklə Qızılbaş hərəkatında mühüm rol oynayıb. Bu fərman Şah İsmayılın sağlığında yazılaraq müasir dövrümüzədək gəlib çatmış, tam, möhürlü və tuğralı olması ilə xüsusi əhəmiyyət daşıyır.