ABŞ və İsrailin İranla bağlı planı… – “Bakı buna hazır olmalıdır!”

0
63

Bir-birinə qonşu olan Livan, Suriya və İraq Birinci Dünya müharibəsindən sonra, Osmanlı Türkiyəsinin dağılması nəticəsində yaranan dövlətlərdir. Üstündən 100 ildən çox vaxt keçsə də, Birinci Dünya müharibəsində qələbə qazanan Böyük Britaniya və Fransanın süni şəkildə yaratdıqları bu dövlətlər hələ də ərazi bütövlüklərini təmin edə bilməyiblər.

Bunu sosial şəbəkədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Livan, Suriya və İraq əşirətlərin, məzhəb liderlərinin idarə etdikləri dövlətlərdir, mərkəzi hakimiyyətlər nominal xarakter daşıyır.

“Hadisələrin bu istiqamətdə inkişafı ABŞ və İsrailin maraqlarına uyğundur, bu ikili bölgəni istədikləri şəkilə salmağa çalışırlar. İsrail ABŞ-ın dəstəyi sayəsində HƏMAS və Hizbullahı başsız qoyub, komandirlərinin böyük əksəriyyətini öldürüb, üstəgəl, Suriya və İraq ərazisindəki hədəflər də vurulur. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və buna bənzər təşkilatlar İsrail-ABŞ cütlüyünü durdurmaq iqtidarında deyillər. Bu ikili növbəti mərhələdə İran üzərində çalışmalara başlayacaq. İran Prezidenti Məsud Pezeşkianın bugünlərdə səsləndirdiyi “İranda hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar” açıqlaması təsadüfi deyil. ABŞ və İsrail İranda rejim dəyişikliyinə nail ola bilməsələr, Pezeşkianın səsləndirdiyi modeli həyata keçirməyə çalışacaqlar. Azərbaycan buna hazır olmalıdır”, – deyə politoloq vurğulayıb.