Ermənistanda Aİ missiyasına xitam verilməlidir: “Paşinyanın yalanları…” – Hikmət Hacıyev

0
44

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Teleqraf.com-un suallarını cavablandırıb.

– Hikmət müəllim, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalandı. Növbəti delimitasiya prosesi nə vaxt keçirələcək və sərhədin hansı istiqamətində baş tutacaq?

– Hazırda tərəflər arasında reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq, bu, bir zəmin yaradır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqı anlaşma şəraitində bundan sonra da ikitərəfli proses davam edəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır. Yəni sülh şəraitində, qarşılıqlı anlaşma şəraitində, iki dövlət arasında həyata keçirilən bu prosesin gedişatını nəzərə alaraq, hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının da Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməsinə də ehtiyac yoxdur. Və bu missiyanın fəaliyyətinə xitam verilməsinin zamanı yetişib.

– Ermənistanın baş naziri Nikol Paşinyanın bölgə ilə bağlı son bəyanatını necə şərh edərdiniz?

– Ermənistan baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyətli və həqiqəti əks etdirməyən məqamlar var.

Birincisi, Ermənistan militarizasiya siyasətini həyata keçirib və bu, bir faktdır. Ermənistanın militarizasiya siyasətinin həyata keçirilməsində onlara bir sıra qərb ölkələri tərəfindən, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir və bu Cənubi Qafqaz regionunda gərginliyin artırılmasına xidmət edən bir haldır, nəinki sülh gündəliyinin irəli aparılmasına.

Bundan əlavə Ermənistan baş naziri tərəfindən növbəti bir yalan səsləndirildi. O qeyd edir ki, Azərbaycanın ümumidaxili məhsulunun 17 faizi guya hərbi xərclərə sərf edilir. Bu, tamamilə yalan məlumatdır. Əksinə, Ermənistanın ümumdaxili məhsulunun biz həcminə baxsaq görərik ki, bu dövlət tam militarizasiya xarakterli bir siyasət yeridir.

Növbəti məqam ondan ibarətdir ki, Ermənistan baş naziri Azərbaycanın hərbi imkanlarını artırdığını qeyd edib. Burada Ermənistanla Azərbaycan arasında ciddi fərq olmalıdır. O mənada ki, Azərbaycan işğalçı dövlət olmayıb. Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək qonşu dövlətlərlə münasibətdə bu meyarları əsas tutub.

Amma Ermənistan işğalçı dövlət olub, biz II Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminə baxdıqda görə bilərik ki, çox azsaylı dövlətlər var, onlar məhz işğalçı, təcavüzkar olublar. Bunlardan biri də məhz Ermənistan Respublikasıdır.

Başqa bir beynəlxalq presedentə baxaq: İraq-Küveyt müharibəsindən sonra İraqın hərbi potensialının inkişafında müəyyən proporsional məhdudiyyətlər vardı. Hesab edirik ki, bu kimi məhdudiyyətlər Ermənistan silahlı qüvvələrinin üzərində də olmalıdır.

Ermənistan baş naziri Minsk qrupunun ləğv edilməsi ilə əlaqədar məsələləri şərhində də yenə yalan və təhriflərə yol verdi. Belə ki, Minsk Qrupunun artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur. Ermənistanın bu təsisatı gündəmdə saxlaması, bu istiqamətdə səylərini davam etdirməsi ona dəlalət edir ki, Ermənistan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir.

Ermənistan Konstitusiyası ilə Azərbaycan Konstitusiyası müqayisəyə gələ bilməz dərəcədə Ermənistan baş naziri tərəfindən yalan şərhlərə yol verildi.

Ermənistan Konstitusiyasında Ermənistanın mütəqilliyi haqqında Akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni “miatsum”, Qarabağla Ermənistanın birləşməsini özündə ehtiva edən məqam hələ də qalır. O dəyişdirilməyincə, iki dövlət arasında sülh müqaviləsinin əldə edilməsində ciddi problemlər görürük.

Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək o müddəanı, o istinadı konstitusiyadan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir.

Azərbaycan Konsyitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən sənəddir.

Paşinyanın apardığı müqayisəni biz yalnız söz oyunu kimi dəyərləndiririk. Ona görə də Ermənistan siyasi rəhbərinə tövsiyə ondan ibarətdir ki, bu kimi söz oyunundansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atsın.