Taksilərin qiymətini kim qaldırır? – “Hamı ucuz qiymətə…”

0
89

Növbəti aydan etibarən taksi qiymətlərinin artımı gündəmdədir. Taksi sürücülərinin öz iddialarına görə iyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq.

Sürücülər bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib. Onların sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır. Bəs görəsən həqiqətən də, taksi qiymətlərində bu cür kəskin artım gözləniləndirmi?

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti, dosent Fərhad Eyyubov bildirib ki, taksilərlə bağlı məsələni birdən-birə həll etmək mümkün deyil:

“Ümumiyyətlə taksi daşımalarının düzəlməsi üçün xeyli vaxtdır qərarlar, addımlar atılır. Lakin bu elə böyük bir məsələdir ki, birdən-birə həll etmək olmur. Çünki bunun 2 tərəfi var. Birinci tərəfi odur ki, hamı ucuz qiymətə taksidən istifadə etmək istəyir.

İkinci tərəfinə gəldikdə isə, təhlükəsizliyi və keyfiyyəti qaldırmaqdan ötrü mütləq şəkildə tariflərdə düzəlişlər, artımlar olmalıdır. Ancaq məsələ burasındadır ki, taksi daşımaları üçün nə qədər nəqliyyat vasitəsi tələb olunduğu hesablanmalıdır.

Ümumi bir qrafiki dərəcədə, 1 milyondan artıq əhalisi olan şəhərlər üçün müəyyən sayda taksi nəzərdə tutulur. Amma bir məsələ var ki, bu rəqəm standart formada olur. Bakı şəhəri üçün nə qədər taksi tələbatının olduğu öyrənilməlidir. Hazırda bu məsələ öyrənilməyib və öyrənmək də çox çətindir. Bu məsələni öyrənmədən taksilərin sayını azaltmaq əlbəttə çətinlik törədəcək. Çünki insanların nəqliyyata olan tələbatları ödənilməlidir”.

Ekspert qeyd edib ki, taksilərin sayının azalması və tələbatdan asılı olaraq, taksi qiymətləri artacaq:

“Hal-hazırda Bakı şəhərində nəqliyyatın idarəetməsini sadəcə AYNA-ya veriblər, məncə bu 2 böyük qrupa bölünməlidir. Birinci ictimai nəqliyyatın dövlət sektoru, ikinci isə özəl sektordan ibarət olmalıdır. Bu nöqteyi-nəzərdən qiymətlər sözsüz ki, qalxmalıdır.

Taksidə istifadə olunacaq nəqliyyat vasitələrinin sayı azaldığı üçün, tələbatdan asılı olaraq qiymət də artır. Mən ona görə həmişə deyirəm ki, taksi daşımalarında pulu yürüşə görə müəyyən etmək lazımdır. Hər gedilən məsafənin öz qiyməti var. Taksilərlə bağlı qiymətin təyini üçün ən yaxşı üsul budur”.