Polşa Rusiyadan təzminat tələb edəcək

0
188

“Polşa əvvəlcə Almaniyadan təzminat əldə etməyi düşünür, sonra Rusiyaya tələblər irəli sürə bilər”.

Bu sözləri Polşa Prezident Ofisinin Beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç deyib. Onun sözlərinə görə, Varşava Berlindən başlamaq qərarına gəlib, çünki Rusiya “başqa bir sivilizasiyadır”.

“Düşünürük ki, Berlinlə dialoqa başlaya bilərik, Putinlə isə fərqli bir sivilizasiyadır. Almaniya ilə uğur əldə edilən kimi növbəti addım olaraq digər zülmkarla müzakirələrin başlanması ola bilər”, – deyə Pşidaç “Financial Times”a müsahibəsində bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya müharibəsi zamanı dağıntılara görə təzminat tələb edən nota imzalayıb. Varşava dəymiş ziyanı 6,2 trilyon zlot (1,3 trilyon dollar) dəyərində qiymətləndirir. Tələblər siyahısına 1939-1945-ci illərdə Almaniya dövləti tərəfindən oğurlanmış Polşa dövlət banklarının aktiv və passivlərinin qaytarılması, həmçinin alman təcavüzü və işğalının qurbanlarına, o cümlədən də onların ailələrinə dəyən zərərin ödənilməsi daxil edilib. 2023-cü ilin yanvarında Almaniya təzminatların ödənilməsi ilə bağlı danışıqlardan imtina edib, Polşa isə kömək üçün ABŞ-yə müraciət edib.