“Azərsu”da kütləvi ixtisar aparılır? – RƏSMİ AÇIQLAMA

0
206

Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verilib. 

Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad edildiyi ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Bizim.Media məsələni aydınlaşdırmaq üçün ilkin olaraq Meliorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Dilqəm Şərifov hələlik heç bir kadr dəyişikliyinin baş vermədiyini bildirib:

“Bildiyiniz kimi, ölkə başçısının fərmanına əsasən, yeni agentliyin strukturu beş ay müddətində formalaşacaq. Bu müddətə qədər hər kəs öz işinin başındadır”.

“Azərsu” ASC-dən isə deyilib ki, ötən gün yayılan informasiyada yanlışlığa və tələskənliyə yol verilib:

“Qurumda hər kəs öz işinin başındadır. Çünki “Azərsu” ləğv olunmayıb, yeni yaradılan Agentliyin tərkibinə verilib. Bildiyimiz kimi, fərmana əsasən, hələlik yeni agentliyin Əsasnaməsi hazırlanır. Bu Əsasnamə təsdiq olunandan sonra “Azərsu” ASC-nin hansı formada fəaliyyət göstərəcəyi bəlli olacaq”.