Mərkəzi Qan Bankının bütün tibb heyəti qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün – Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.
100-dən çox tibb işçisi təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub.
Qanvermə bu gün saat 08:00-dan başlayıb və 18:00-dək davam edəcək. Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.
Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.