Mayın 25-də bir qrup xarici jurnalistin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkına səfəri təşkil edilib.
Agentlikdən verilən məlumata görə, İngiltərə, Yaponiya, Almaniya, Türkiyə, Qazaxıstan, Macarıstan və s. (ümumilikdə 10-dan çox ölkənin) ölkələrdən olan jurnalistlərə Ağdam Sənaye Parkında görülmüş işlər, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan işgüzar mühit, tətbiq ediləcək vergi və gömrük güzəştləri barədə məlumat verilib.
Bildirilib ki, Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında doqquz rezident qeydiyyata alınıb.
Sonra xarici media nümayəndələri sənaye parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar.