Rusiyalılar Ukrayna-Belarus sərhədində “İsgəndər” raketləri yerləşdiriblər

0
279

Rusiya qoşunları “İsgəndər-M” operativ-taktiki raket komplekslərini Belarusda, Ukrayna sərhədindən 50 km aralıda yerləşdirib və Rusiya-Ukrayna sərhədi yaxınlığında mövqelərini möhkəmləndirirlər.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mayın 24-də verdiyi məlumatda bildirilir.

“Belarus Respublikası ərazisindən dövlətimizin obyektlərinə raket və hava zərbələri endirilməsi təhlükəsi artır. Təcavüzkar “İsgəndər-M” OTRK diviziyasını Brest vilayətində, Ukraynanın dövlət sərhədindən 50 kilometr aralıda yerləşdirib”, – deyə məlumatda bildirilir.

Belarus Silahlı Qüvvələrinin bölmələri Brest və Qomel vilayətlərində, Belarus-Ukrayna sərhədinin Volın və Polissya istiqamətlərində yerləşib.

Seversk istiqamətində isə Rusiya Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin müdafiəsinin gücləndirilməsi və Ukrayna qoşunlarının başqa istiqamətlərə keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Poqar beynəlxalq avtomobil keçid məntəqəsi və Bryansk vilayətinin Sluçevsk qəsəbəsi ərazilərində də oxşar hallar müşahidə olunur.

Xatırladaq ki, bir ay əvvəl, aprelin 24-də ruslar Ukrayna sərhədindən 60 km aralıda, Rusiya Federasiyasının Belqorod vilayətində, Slobojan istiqamətində “İsgəndər-M” OTRK buraxılış qurğularını yerləşdirmişdilər.