Azərbaycanla Türkiyə arasında bir sıra vacib sənədlər imzalanıb

0
220

Azərbaycan və Türkiyə arasında sosial müdafiə, əmək və məşğulluq sahəsi üzrə əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, imzalanmış tədbirlər planı 18 istiqamətdən ibarətdir:

“Biz hesab edirik ki, bu proqramın icra edilməsi ölkələrimiz arasında sosial sahələr üzrə əməkdaşlığın güclənməsinə təkan verəcək. Bildiyiniz kimi, Azərbaycan və Türkiyə hər bir sahə üzrə ən yaxın münasibətləri yüksək səviyyədə qurmuş ölkələrdir. Məhz bu mənada sosial, əmək və məşğulluq sahələri üzrə də bu əməkdaşlığı və birliyi daha dərinləşdirmək üçün müvafiq işlər görüləcək”.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib. İclasdan sonra Azərbaycan və Türkiyə Hökumətləri adından nazirlər Sahil Babayev və Vedat Bilgin Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair 6 may 2004-cü il tarixli Prosedur Müqaviləyə dəyişikliklər edilməsinə dair Əlavə Prosedur Müqaviləni imzalayıblar. Həmçinin Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.Sənəddə iclasda aparılmış müzakirələrin nəticələrinə əsasən, iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində müəyyən olunmuş gələcək əməkdaşlıq istiqamətləri, fəal təcrübə mübadilələrinin aparılacağı əksini tapır.