Adına şirkətlər açılıb, 100 min manat borc var, amma özünün xəbəri yoxdur

0
369

Şabran rayon sakini Elvin Rəsulov tanışı tərəfindən aldadılıb, adına 100 min manatdan çox vergi borcu yaranıb.  

Bu barədə “Xəzər” TV-nin süjetində bildirilib.

Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edir.

Elvin bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq onun adına VÖEN açdırıb.

Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.

Məsələ ilə bağlı Allahverən Musayevlə danışmaq mümkün olmayıb. Onun telefonlarına zəng çatmayıb.

DİN-nin Regional Qrupun rəhbəri Xəyal Talıbov isə bildirib ki, Elvin Rəsulov bu məsələ ilə bağlı polis şöbəsinə rəsmi müraciət etməyib. Əgər müraciət olunarsa, bundan sonra araşdırmalara başlanacaq.