Yevlaxda ermənilərin müharibə dövrü atdığı kasetli bomba partladı: Ölən var – YENİLƏNİB + FOTO/VİDEO

0
298

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Yevlaxda sursat partlayışı ilə bağlı məlumat yayıb.

Məlumtda deyilir:

“Məlum olduğu kimi, 2022-ci il 1 fevral tarixində Yevlax rayonunun Şurabad kəndi yaxınlığında hərbi sursat partlayışı baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.

ANAMA tərəfindən ərazidə aparılan araşdırma və yoxlamalar zamanı aşkar olunan partlayıcı qurğuların kaset tipli sursat kateqoriyasına aid olduğu müəyyən edilib. 2008-ci ildə Osloda imzalanan konvensiyanın şərtlərinə görə kasetli sursatların istehsalı, istifadəsi, daşınması və toplanması “Kasetli Sursatlara dair Beynəlxalq Konvensiya” ilə qadağan olunur.

44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bu növ sursatlar həm döyüş bölgələrində, həm də Azərbaycanın şəhərlərində yaşayan dinc əhaliyə qarşı dəfələrlə istifadə edilib. Konvensiya ilə qadağan olunmuş silahların istifadəsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA əməkdaşları tərəfindən icra edilən təmizləmə əməliyyatları zamanı bu tip çoxlu sayda partlayıcılar aşkar edilərək zərərsizləşdirilib.

Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan edilmiş ərazilərə səfər etməməyə çağırır. Şübhəli və naməlum əşyalara rast gəldikdə “102” və “112” xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur”.

16:49

Vətən müharibəsi zamanı düşmənin atdığı kasetli bombanın qalığının bu gün Yevlax rayonunda partlaması nəticəsində həlak olan Kəlbəcər rayon sakini, 26 yaşlı İsmayıl Mikayılovun fotosu yayılıb. 

Həmin fotonu təqdim edirik:

12:34

Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun Vətən müharibəsi zamanı həmin əraziyə düşmüş kasetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur. 

Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

11:29

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb.