Tarif Şurasının iclası keçirilib, qərarlar qəbul edilib

0
319

Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bu barədə Tarif (qiymət) Şurası məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirilib. 

Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaqdır.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilmiş və müvafiq qərar qəbul olunub.

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qərarlar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.