XOŞBƏXTLİK NƏDİR?


Bu suala çoxları belə cavab verər: “İnsanın bütün arzularının həyata keçməsi xoşbəxtlikdir”. Yəni onlara görə, şan-şöhrət sahibi olmaq, yüksək vəzifələr tutmaq, böyük bir villa tikdirmək, çoxmənzilli ev almaq, ən bahalı maşınları sürmək və s. xoşbəxtlikdir. Əgər insan həyatını bu arzulara görə proqlamlaşdırarsa, sonradan həyatında hər şey alt-üst olar. Çünki insan arzusuna çatdıqdan sonra o arzu əvvəlki cazibədarlığını itirir. Nemətlər də belədir. Biz o neməti daddıqca bizə ləzzət verir. Sonra arxasınca dərin bir boşluq gəlir. Çoxdan arzuladığımız bir istirahətin və ya səyahətin də dadı “boğazımızdan keçənə qədərdir”. Sonra hər şey yox olub itir…
Xoşbəxtlik həm də insanın dünyaya hansı pəncərədən baxmasından asılıdır. Çünki gözəl bir şeyə hamı gözəl deyə bilər. Əsas odur ki, gözəl olmayan şeylərdə də gözəlliyi görəsən, dərk edəsən… Bədbin insanı heç bir şeylə sevindirmək, razı salmaq olmaz. Belələri saraylarda da yaşasalar, fərqi yoxdur. Həyata nikbin baxan insan isə zindanda da olsa, xoşbəxtdir…
Xoşbəxtlik bəzən dərdin, kədərin sona çatmasıdır. Çünki Yaradan da qulunu sevindirmək üçün bəzən “dəvəsini itirir, sonra isə tapır”. İtirdiyiniz malın yerinə qayıtması da, bir xəstəlikdən şəfa tapmağınız da, arzusunda olduğunuz bir sevgiyə yetməyiniz, vüsala qovuşmağınız da öz-özlüyündə bir xoşbəxtlikdir…
Aristotel isə xoşbəxtliyin üç cür olduğunu deyir. Birincisi, xoşbəxtlik arzu və istəklərlə dolu bir həyatdır. İkincisi, xoşbəxtlik azad bir həyatdır. Üçüncüsü, xoşbəxtlik daim axtarışla keçən bir həyatdır. Aristotel insanın xoşbəxtliyi üçün bu üç şərtin üçünün də bir yerdə olmasını vacib sayır. İnsanlarla münasibətlərdə də bu yolu tövsiyə edən Aristotel hər şeydə ölçüyə riayət etməyə çağırır.

Elçin NƏSİB