Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib ki, Ermənistan cəmiyyəti münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir. Eyni zamanda qeyd edib ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsi hələ də nəticəsiz qalıb. Onu da deyib ki, bu məsələ üzrə Azərbaycanla əməkdaşlığa dair razılıq əldə olunub.
Səsləndirilən fikirlər Azərbaycanda saxlanılan ermənilərin qaytarılması məsələsinin gündəmdə olub-olmadığı barədə sual doğurur.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin taleyi və itkin düşmüş şəxslərlə bağlı məsələ Azərbaycan Ermənistan münasibətlərində həssas mövzulardan biridir.

Deputat qeyd edib ki, bu məsələlərin həlli ilk olaraq tərəflər arasında qarşılıqlı razılaşmalar və yalnız konkret hüquq humanitar mexanizmlər çərçivəsində mümkün ola bilər: “Nikol Paşinyanın BMT-nin Baş Assambleyasındakı çıxışında səsləndirdiyi fikirlər təbii ki, diqqət çəkir. Lakin bu açıqlamanın praktik nəticəyə çevrilməsi üçün hansı məsələlər üzrə və hansı formatda razılığın əldə olunduğu təbii ki, dəqiqləşdirilməlidir. Xüsusilə Azərbaycanda saxlanılan şəxslərin statusu və onların hər birinin ayrı-ayrılıqda konkret hüquqi vəziyyəti təbii ki, nəzərə alınmalıdır. Eyni zamanda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi humanitar baxımdan önəmli olan məsələlərdən biridir. Azərbaycan tərəfi dəfələrlə Birinci Qarabağ müharibəsindən etibarən itkin düşmüş şəxslərlə bağlı məlumatların əldə edilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə qarşılıqlı məlumat mübadiləsi və əməkdaşlıq mezanizmlərinin işlək vəziyyətə gətirilməsi əhəmiyyətli və nəticə yönümlü ola bilər. Bu baxımdan hazırkı mərhələdə Paşinyanın açıqlamasını hüquqi nəticə kimi deyil, tərəflər arasında əməkdaşlıq imkanlarına dair siyasi bəyanat kimi qiymətləndirmək daha doğru olar. Əsas məsələ bundan ibarətdir ki, bundan sonra bu açıqlamanın hansı konkret addımlarla müşayiət olunacağıdır. Düşünürəm ki, bu baxımdan Paşinyanın açıqlamasının sonrakı real atılacaq addımlarla bağlı olub-olmayacağını mövcud olan vəziyyətə uyğun gözləməyimiz daha doğru olar”



