Yaxın beş il ərzində insanları bütün koqnitiv tapşırıqlarda üstələyən süni intellekt (Sİ) sistemləri üzərində insan nəzarətinin əhəmiyyətli dərəcədə itirilməsi riski yarana bilər.
Bu barədə sentyabrın 23-də Böyük Britaniyanın Alan Türinq İnstitutunun rəsmi saytında yayımlanan hesabatda bildirilib.
Araşdırmanın müəllifləri qeyd ediblər ki, yaxın beş il ərzində daha güclü və avtonom Sİ sistemləri meydana çıxa bilər. Bu sistemlərin davranışlarını insanların qiymətləndirməsi, nəzarətdə saxlaması və zərurət yarandıqda fəaliyyətini dayandırması daha çətin olacaq.
İnstitut vurğulayıb ki, uzunmüddətli təhdidlərlə bağlı qeyri-müəyyənlik artıq mövcud olan risklərin aradan qaldırılması istiqamətində görülən işlərə mane olmamalıdır.
Hesabatda kibertəhlükəsizlik və demokratik proseslər üçün təhdidlər, Sİ-nin fəaliyyətinin insan niyyətləri ilə uyğunsuzlaşması, eləcə də mümkün kimyəvi və bioloji risklər də qeyd olunub. İnstitut ayrı-ayrı modellərlə yanaşı, istifadəyə verildikdən sonra bütöv Sİ sistemlərinin də yoxlanılmasına və nəzarətdə saxlanılmasına çağırıb.



