Xərçəng hər zaman sağlamlığın qəfil pisləşməsi ilə özünü göstərmir. Bəzi onkoloji xəstəliklər erkən mərhələdə demək olar ki, heç bir ciddi narahatlıq yaratmır, əlamətləri isə stress, yuxusuzluq və ya adi soyuqdəymə ilə səhv salına bilər.
Onkoloq Jiří Kubes insanların tez-tez diqqətdən kənarda qoyduğu üç simptomu açıqlayıb.
Mütəxəssis bildirib ki, əsas diqqət yalnız simptomun özünə deyil, onun nə qədər davam etməsinə və təkrarlanıb-təkrarlanmamasına yönəldilməlidir.
Keçməyən yorğunluq
Yorğunluq gündəlik həyatda tez-tez rast gəlinən haldır. Lakin kifayət qədər yuxu və istirahətdən sonra belə zəiflik keçmirsə, gündəlik fəaliyyətə mane olursa, bunun səbəbini araşdırmaq lazımdır.
Daimi yorğunluq anemiya, qalxanabənzər vəzin problemləri, infeksiyalar və yuxu pozuntuları ilə əlaqəli ola bilər. Buna görə də bu əlamət təkbaşına xərçəng demək deyil. Bununla belə, uzun müddət davam edən səbəbsiz yorğunluq həkimlə müzakirə edilməlidir.
Uzunmüddətli öskürək
Soyuqdəymə və virus infeksiyalarından sonra öskürəyin bir müddət davam etməsi normal sayıla bilər. Ancaq öskürək uzun müddət keçmirsə, güclənirsə və ya yeni əlamətlərlə müşayiət olunursa, buna laqeyd yanaşmaq olmaz.
Xüsusilə öskürəklə yanaşı sinə ağrısı, nəfəs darlığı və ya bəlğəmdə qan müşahidə edilərsə, tibbi müayinəyə ehtiyac var.
Səbəbsiz çəki itkisi
Pəhriz saxlamadan, fiziki aktivliyi artırmadan və həyat tərzində ciddi dəyişiklik etmədən çəkinin sürətlə azalması da diqqət tələb edən əlamətlərdəndir.
İzaholunmaz çəki itkisi müxtəlif xəstəliklərlə, o cümlədən bəzi xərçəng növləri ilə əlaqəli ola bilər.
Həkimlər vurğulayırlar ki, bu əlamətlərin mövcudluğu insanın mütləq xərçəng xəstəsi olması demək deyil. Lakin simptomlar uzun müddət davam edir, getdikcə güclənir və ya təkrarlanırsa, vaxtında müayinədən keçmək tövsiyə olunur.



