Valideynlərdən keçən  10 irsi xüsusiyyət

Gözləriniz ananız kimi qəhvəyi, ayaqlarınız atanız kimi uzundur? Valideynlərimizdən bizə genlər vasitəsilə çoxsaylı fiziki və bioloji xüsusiyyətlər ötürülür.

Ailədən miras qala bilən 10 xüsusiyyəti təqdim edirik:

Yüksək xolesterin səviyyəsi

Bir çox insan yüksək xolesterinin yalnız qidalanma ilə əlaqəli olduğunu düşünür. Lakin bəzi hallarda xolesterinin yüksək olması həyat tərzindən deyil, genetik xüsusiyyətlərdən qaynaqlana bilər. Müəyyən genetik mutasiyaya sahib insanlarda sağlam qidalansalar belə, qanda xolesterinin səviyyəsi yüksək ola bilər.

Keçəllik

Saç tökülməsində X xromosomu mühüm rol oynayır. Kişilər bu xüsusiyyəti analarından miras ala bilərlər. Bununla belə, saç tökülməsinə yalnız ana tərəfdən gələn genlər səbəb olmur. Atadan ötürülən digər genlər və ətraf mühit amilləri də bu prosesə təsir göstərə bilər.

Akademik uğur

Təhsil və akademik göstəricilərdə genetikanın müəyyən rolu olduğu bildirilir. Araşdırmalara görə, akademik nailiyyətlərin bir hissəsi irsi xüsusiyyətlərlə əlaqəlidir. Valideynlərin təhsil göstəriciləri uşaqların potensialına müəyyən dərəcədə təsir göstərə bilər.

Qəhvəyə meyl

Çox qəhvə içməyinizin səbəblərindən biri genetik xüsusiyyətlər ola bilər. Bəzi insanların orqanizmi kofeini daha sürətli metabolizə edir. Bu səbəbdən onların qəhvə qəbuluna münasibəti və kofeinə reaksiyası fərqli ola bilər.

Gənc yaşda diabet

Tip 2 diabet daha çox yaşlı insanlarda müşahidə olunsa da, uşaqlarda və yeniyetmələrdə də ortaya çıxa bilər. Qidalanma və həyat tərzi ilə yanaşı, müəyyən genetik dəyişikliklər də xəstəliyin yaranmasında rol oynaya bilər.

Rəng korluğu

Bəzi rəngləri ayırd etmək qabiliyyəti genetik yolla ötürülür. Rəng korluğuna səbəb olan genlər X xromosomu ilə əlaqəli olduğundan bu xüsusiyyət kişilərdə daha çox müşahidə olunur.

Laktoza dözümsüzlüyü

Yetkin insanların əhəmiyyətli bir hissəsində süd şəkəri olan laktozanı həzm etmək qabiliyyəti azalır. Bu xüsusiyyət müəyyən genlərlə əlaqəlidir. İnsan böyüdükcə laktozanı həzm etməyə kömək edən fermentin istehsalı bəzi insanlarda azalır.

Avtomobil idarəetmə qabiliyyəti

Sürücülük bacarığına müxtəlif amillər təsir edir və genetik xüsusiyyətlərin də müəyyən rolu ola bilər. Reaksiya sürəti, yaddaş və məkan oriyentasiyası kimi qabiliyyətlərin bir hissəsi genetik faktorlarla əlaqələndirilir.

Miopiya

Yaxını görmədə çətinlik və miopiyaya meyllilik müəyyən dərəcədə irsi ola bilər. Hər iki valideyndə miopiya olduqda uşağın bu problemlə qarşılaşma ehtimalının artdığı bildirilir. Bununla yanaşı, ekran qarşısında uzun müddət qalmaq və digər ətraf mühit amilləri də görmə qabiliyyətinə təsir göstərə bilər.

Populyarlıq

İnsanın sosial münasibətlərində və həmyaşıdları arasında qəbul olunmasında genetik faktorların müəyyən rol oynaya biləcəyi ilə bağlı araşdırmalar mövcuddur. Bununla belə, populyarlığa genlərlə yanaşı, sosial mühit, davranış və şəxsi xüsusiyyətlər də təsir göstərir.