Veteran statusunu gec təsdiqlədənlərə ŞAD XƏBƏR: Əvvəlki vergilər QAYTARILA BİLƏR

Müharibə veteranlarına əməkhaqqından tutulan gəlir vergisi ilə bağlı qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulur. Lakin bəzi şəxslər veteran statusunu daha əvvəl əldə etsələr də, güzəşt sənədini işəgötürənə gec təqdim etdikləri üçün əməkhaqlarından əvvəlki dövrlərdə vergi tutulduğunu bildirirlər. Bu isə həmin məbləğlərin sonradan geri qaytarılmasının hüquqi və praktiki qaydalarını gündəmə gətirir.

Bəs, veteran statusu 2022-ci ildən qüvvədə olan, lakin vergi güzəşti sənədini iş yerinə gec təqdim edən şəxslər əvvəlki illərdə əməkhaqlarından tutulmuş gəlir vergisini geri ala bilərlərmi? Bu proses hansı qaydada həyata keçirilməli, işəgötürən və mühasibatlıq hansı öhdəlikləri yerinə yetirməli, müraciət təmin olunmadıqda vətəndaş hansı quruma şikayət etməlidir?
Veteran statusunu gec təsdiqlədənlərə ŞAD XƏBƏR: Əvvəlki vergilər QAYTARILA BİLƏR

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin vergi tutulmalı aylıq gəliri 400 manat məbləğində azaldılır.

“Məsələn, müharibə veteranı olan işçinin aylıq gəliri 1000 manatdırsa, digər azadolmaları nəzərə almadan, onun gəlir vergisi 1000 manatın deyil, 400 manat çıxıldıqdan sonra qalan 600 manatın üzərindən hesablanır.

Bir daha qeyd edim ki, şəxsin digər vergi güzəştlərindən istifadə etmək hüququ da ola bilər. Məsələn, əsas iş yerində çalışdığı halda əlavə azadolmalar tətbiq edilə bilər. Lakin mən hazırda yalnız müharibə veteranları üçün nəzərdə tutulan güzəştə toxunuram. Burada 400 manat məbləğində vergi deyil, vergi tutulmalı gəlir azaldılır. Həmin məbləğə uyğun vergi isə müvafiq dərəcələrlə hesablanır. Vergi dərəcələri şəxsin dövlət sektorunda, neft-qaz və ya qeyri-neft-qaz sektorunda işləməsindən, eləcə də müvafiq dövr üçün qüvvədə olan qanunvericilikdən asılı olaraq dəyişə bilər.

Praktikada elə hallarla rastlaşırıq ki, müharibə veteranı olmuş şəxsin statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən gec təsdiqlənir. Lakin statusun qüvvəyə minmə tarixi əvvəlki dövrü də əhatə edə bilər. Məsələn, fərz edək ki, şəxsə 2025-ci ilin noyabr ayında müharibə veteranı statusu verilir, amma sənəddə bu statusun 1 yanvar 2023-cü ildən qüvvədə olduğu göstərilir. Belə olan halda, işçi statusu təsdiq edən sənədi işəgötürənə yalnız 2025-ci ildə təqdim etsə də, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilməlidir. Nəticədə əvvəlki dövrlərdə həmin şəxsin əməkhaqqından artıq tutulmuş gəlir vergisi yenidən hesablanır və müvafiq bəyannamələr vergi orqanına təqdim edilməklə artıq ödənilmiş məbləğin işçiyə qaytarılması təmin olunur.

Sonuncu suala gəldikdə isə, vətəndaş işəgötürəndən müsbət cavab ala bilmədiyi təqdirdə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Əməkhaqqının düzgün hesablanmasına və qanunvericiliyə uyğun tutulmaların aparılmasına Əmək Müfəttişliyi nəzarət edir. Vergilərin düzgün hesablanması, tutulması və dövlət büdcəsinə ödənilməsi məsələlərinə isə Dövlət Vergi Xidməti nəzarət edir. Vətəndaş hüquqlarının müdafiəsi üçün hər iki quruma müraciət edərək zəruri addımlar ata bilər”.