Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək əlverişsiz hava şəraitində ehtiyatlı olmağa çağırıb.

İdarədən bildirilib ki, güclü külək yollarda, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin hərəkəti zamanı təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən həmin nəqliyyat vasitələrinin sürücüləri yüklərin düzgün qablaşdırılmasına xüsusi diqqət yetirməli və hərəkət zamanı daha məsuliyyətli olmalıdırlar.

Sürücülərə nəqliyyat vasitələrini aşma və sürüşmə təhlükəsi olan obyektlərin yaxınlığında saxlamamaq, park edərkən isə mümkün qədər qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.

Qeyd edilib ki, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı görünüş məsafəsini məhdudlaşdıra bilər. Bu səbəbdən sürücülər sürət həddinə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevr zamanı ehtiyatlı davranmalıdırlar.

BDYPİ piyadalara da müraciət edərək hava şəraitini nəzərə almağı, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan davranışlardan çəkinməyi tövsiyə edib.