Bayramlarda avtobus və metrodan ödənişsiz istifadə mümkün olacaq? – AÇIQLAMA

Futbol qarşılaşması ilə əlaqədar sərnişinlər üçün ictimai nəqliyyatda xüsusi kampaniyanın tətbiqi bayram günlərində də oxşar güzəştlərin nəzərdə tutulması məsələsini gündəmə gətirib.

Bəs Yeni il və Novruz bayramlarında sərnişinlərin ictimai nəqliyyatdan güzəştli və ya ödənişsiz istifadə etməsi mümkündürmü? Məktəblilər, şəhid ailələrinin üzvləri və qazilər üçün daimi nəqliyyat güzəştlərinin tətbiqi necə, məqsədəuyğun olardımı?

Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Konkret.az-a açıqlamasında bildirib ki, futbol qarşılaşması ilə əlaqədar ictimai nəqliyyatda tətbiq olunan xüsusi kampaniya müsbət təşəbbüsdür. Onun fikrincə, bu cür güzəştlər yalnız idman tədbirləri ilə məhdudlaşmamalı, Yeni il və Novruz bayramlarında da sərnişinlər üçün oxşar imkanlar yaradılmalıdır.

Ekspert hesab edir ki, bayram günlərində ictimai nəqliyyatdan güzəştli və ya ödənişsiz istifadə imkanının yaradılması vətəndaşlar üçün əhəmiyyətli sosial dəstək olar.

Əpoş Vəliyev, həmçinin məktəblilərin, şəhid ailələrinin üzvlərinin və qazilərin ictimai nəqliyyatdan daimi olaraq ödənişsiz istifadə etməsi məsələsinə baxılmasını vacib sayır. O, bu istiqamətdə Türkiyənin tətbiq etdiyi güzəştli nəqliyyat təcrübələrinin də öyrənilməsini təklif edir.

Müsahibin sözlərinə görə, bu cür addımlar həm əhalinin sosial müdafiəsinə töhfə verər, həm də vətəndaşları şəxsi avtomobillərdən daha az, ictimai nəqliyyatdan isə daha çox istifadə etməyə təşviq edər.

“Əgər paytaxtda tıxacların azalmasını istəyiriksə, bunun üçün ictimai nəqliyyatda daha çox güzəştlər tətbiq edilməlidir”, – deyə Əpoş Vəliyev vurğulayıb.