Son 10 ildə 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici iki dəfəyə yaxın artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə 2 584 olan bu rəqəm 2025-ci ildə 5 133-ə yüksəlib. Daha diqqətçəkən məqam isə 2024-cü ildə göstəricinin 7 100-ə çatmasıdır.
Gündəlik qayğılar, maddi sıxıntılar, gələcək qorxusu, ailədaxili münaqişələr, sosial təzyiqlər və s. Bütün bunların fonunda psixoloji sağlamlıq səssiz-səssiz ciddi problemə çevrilir. Xüsusilə də gənclər arasında müşahidə olunan mənzərə narahatlıq doğurur.
Maraqlıdır, gənclər arasında psixoloji problemlərin artmasının arxasında hansı səbəblər dayanır? Müasir gənclərin psixoloji durumunu əvvəlki nəsillərdən fərqləndirən və onları daha həssas edən amillər hansılardır?
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, psixi xəstəliklər çağırılmamış qonaqlardır. İnsanı şəxsiyyət kimi formalaşdıran onun böyüdüyü ailə, yaşadığı mühit və aldığı informasiyadır:
“Risk qrupunda böyüyən uşaqlar sağlam şəxsiyyət kimi formalaşmırlar. Ailədə sağlam psixoloji mühit yoxdursa, sağlam uşaq böyüyə bilməz. İnsanı mühit və informasiya formalaşdırır.
Əvvəlki nəsillərdə həyat alternativləri və informasiya imkanları məhdud idi. Müasir rəqəmsal dünyada isə insanlar, xüsusilə gənclər, öz həyatlarını daim başqalarının həyatı ilə müqayisə edirlər. Başqalarının uğurları, maddi imkanları, münasibətləri və həyat tərzi gənclərin gözləntilərini dəyişir. Sosial şəbəkələrdə nümayiş etdirilən həyat reallığın özü deyil. İnsanlar öz gündəlik həyatlarını başqalarının seçilmiş görüntüləri ilə müqayisə edirlər. Bu müqayisə narazılıq yaradır və özünüdəyərləndirməyə təsir göstərir”.
.jpg)
Psixoloq onu da qeyd etdi ki, valideynlər bu məsələdə öz məsuliyyətlərini dərk etməlidirlər:
“Uşağın şəxsiyyət kimi formalaşdığı ilk yer ailədir. Davamlı münaqişə, təhqir, təzyiq və laqeydlik uşağın psixoloji inkişafına zərər verir. Uşağın maddi ehtiyaclarını ödəmək valideynlik demək deyil. Onun psixoloji ehtiyaclarını da qarşılamaq lazımdır.
Valideynlər uşaqlarını başqaları ilə müqayisə etməməli, öz ambisiyalarını onların üzərinə yükləməməlidirlər. Uşağı dinləmək, fikirlərinə hörmət etmək və problemlərini ciddiyə almaq lazımdır. Uşaqlar valideynlərinin dediklərindən çox, davranışlarından öyrənirlər. Sağlam şəxsiyyət yetişdirmək istəyən valideyn ilk növbədə öz davranışına və ailədəki münasibətlərə diqqət yetirməlidir”.
Bəs, gənclər arasında psixi və davranış pozuntularının artmasını cəmiyyətdə baş verən hansı sosial dəyişikliklərlə əlaqələndirmək olar? İşsizlik, maddi sıxıntılar, gələcəklə bağlı qeyri-müəyyənlik və sosial şəbəkələrin təsiri bu problemdə nə dərəcədə rol oynayır?
Bu suallara aydınlıq gətirmək üçün sosioloq Mail Yaqubun da fikirlərini öyrəndik. O bildirdi ki, birinci səbəb sosial şəbəkələrdir:
“Azərbaycanda sosial şəbəkələr məkanındakı biabırçılıq artıq həddi aşıb. Sosial şəbəkələrdə olan anormal insanların hərəkətləri gənclərin psixoloji sağlamlığına dəhşətli zərbə endirir. Bunun qarşısı alınmalıdır. Sosial şəbəkələr özbaşına buraxıla bilməz. Azərbaycanda sosial şəbəkələrdə heç bir dəyər qalmayıb. Təəssüflər olsun ki, bütün dəyərlər alt-üst olub”.

M.Yaqub hesab edir ki, bu tip insanların sayı az olsa da hay-küyü çoxdur:
“Bu hərəkətlər gənclərin psixoloji sağlamlığını pozur. Şübhəsiz ki, gənclərin işsizliyi də bu amillərdən biridir. Amma sosial şəbəkələrdəki ciddi əxlaq pozuntuları, dəyərlərin alt-üst olunması dəhşətli mənzərə yaradır.
Mütləq bunun qarşısı alınmalı, hüquqi tədbirlər görülməlidir. Əgər bu tədbirlər görülməsə, əmin olun ki, növbəti ildə mənzərə daha da ağır olacaq”.



