Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? – İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə aztəminatlı ailələrin kommunal xərclərinin azaldılması və sosial tarif mexanizminin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə elektrik enerjisi, təbii qaz və su təchizatı üzrə ödənişlərin ailə büdcəsinə təsiri, gəlirləri aşağı olan vətəndaşlar üçün əlavə güzəştlərin yaradılması məsələsini aktuallaşdırır. Son dövrlər kommunal tariflərdə sosial yanaşmanın tətbiqi ilə bağlı müxtəlif təkliflər də səsləndirilir. Belə ki, 11 noyabrda Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı yüksək dağlıq və sərhəd kəndlərində yaşayan ailələr üçün qaz və elektrik enerjisi üzrə güzəştli tariflərin tətbiqi təklif olunub. Eyni zamanda, iqtisadçılar gəlirləri aşağı olan əhali qruplarının kommunal xərclərinin kompensasiya edilməsi və ünvanlı sosial dəstəyin genişləndirilməsi məsələsini də gündəmə gətirirlər. Hazırda Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə istehlak həcmindən asılı olaraq diferensial tariflər tətbiq edilir.

Lakin istehlak həcminə görə müəyyənləşdirilən tariflərlə ailənin maddi vəziyyətini nəzərə alan sosial tarif mexanizmi eyni deyil. Bu baxımdan aztəminatlı ailələr üçün ayrıca güzəşt sisteminin yaradılması, müəyyən istehlak limitinədək daha aşağı ödənişlərin tətbiqi və kommunal subsidiyaların verilməsi müzakirə mövzusu olaraq qalır. Bəs Azərbaycanda aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif mexanizminin tətbiqi nə dərəcədə realdır? Belə bir sistem dövlət büdcəsinə hansı yükü gətirə bilər və güzəştlər hansı meyarlar əsasında müəyyənləşdirilməlidir.
Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif mexanizminin tətbiqi mümkündür və bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müəyyən imkanlar yarada bilər. Çünki aşağı gəlirli ailələrin büdcəsində elektrik enerjisi, təbii qaz və su təchizatı xərcləri əhəmiyyətli yer tutur. Xüsusilə ərzaq və digər gündəlik tələbat mallarının qiymətləri artdıqca kommunal ödənişlər də bu ailələrin maliyyə yükünü ağırlaşdırır. Belə şəraitdə sosial tariflərin tətbiqi aztəminatlı əhalinin zəruri xidmətlərə çıxışını qorumağa kömək edə bilər.

Bu mexanizmin əsas mahiyyəti ondan ibarət ola bilər ki, gəliri müəyyən edilmiş həddən aşağı olan ailələr üçün kommunal xidmətlərin müəyyən istehlak limitinə qədər daha aşağı tarif tətbiq edilsin. Məsələn, elektrik enerjisi və qaz üzrə sosial istehlak norması müəyyənləşdirilə, həmin normadan artıq istifadə isə ümumi tariflərlə hesablanıla bilər. Beləliklə, dövlət bütün istehlakçılara deyil, həqiqətən sosial dəstəyə ehtiyacı olan ailələrə güzəşt etmiş olar. Bu, həm də kommunal subsidiyaların daha ünvanlı şəkildə bölüşdürülməsinə imkan verər.

Lakin mexanizmin tətbiqində əsas məsələ aztəminatlı ailələrin düzgün müəyyənləşdirilməsidir. Bunun üçün sosial yardım sistemində mövcud olan məlumatlardan istifadə etmək, ailələrin gəlirlərini və sosial vəziyyətini nəzərə almaq mümkündür. Eyni zamanda güzəştlərin dövlət büdcəsinə və kommunal xidmət göstərən müəssisələrin maliyyə vəziyyətinə təsiri əvvəlcədən hesablanmalıdır. Əks halda, sosial tariflərin tətbiqi xidmət göstərən qurumların gəlirlərində azalmaya və əlavə büdcə yükünə səbəb ola bilər. Məncə, sosial tarif mexanizminin əsas üstünlüyü kommunal xərclərin azaldılmasını ümumi qiymət güzəştləri ilə deyil, ünvanlı sosial müdafiə vasitəsilə həyata keçirmək imkanındadır. Çünki hamı üçün eyni tarif güzəşti tətbiq edildikdə yüksək gəlirli ailələr də bundan yararlanır. Halbuki sosial tariflər məhz aztəminatlı ailələrin zəruri kommunal ehtiyaclarını daha əlçatan etməyə və onların sərəncamında qalan gəlirin qorunmasına xidmət edə bilər.