Xəzər dənizinin sahilboyu ərazilərində aparılan monitorinqlər zamanı çoxsaylı qanunsuz tikililər aşkarlanıb. Aidiyyəti qurumların açıqlamalarına görə, bu obyektlərin hamısının sökülməsi nəzərdə tutulmur. Tikililərin gələcək taleyi onların hüquqi statusu, torpaq sahəsinin təyinatı və qanunvericiliyə ediləcək dəyişikliklər əsasında müəyyənləşdiriləcək.
Bəs, Xəzər sahilində qanunsuz inşa edilmiş tikililərin sökülməsi hansı hüquqi əsaslarla həyata keçirilə bilər? Əgər obyekt sahibinin çıxarışı və digər mülkiyyət sənədləri varsa, bu sənədlər onun hüquqlarını hansı səviyyədə qoruyur? Belə əmlakların sökülməsi zamanı kompensasiya hansı hallarda ödənilməli, vətəndaşlar hüquqlarının pozulduğunu düşündükdə hansı qaydada etiraz edə bilərlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, qanunsuz tikililərin sayı, xüsusilə də dənizkənarı mühafizə zolağında, kifayət qədər çoxdur.
“Mənim fikrimcə, Əmlak Məsələləri Dövlət Xidmətinə bu səlahiyyətlər verildikdən sonra ölkə üzrə genişmiqyaslı monitorinqlərin aparılması vacib olacaq. Bu monitorinqlər nəticəsində həmin tikililərin hüquqi statusunun gələcəkdə necə müəyyənləşdirilə biləcəyi və onların qanuniləşdirilməsi istiqamətində hansı addımların atılmasının mümkün olduğu aydınlaşacaq. Hesab edirəm ki, hökumət bu məsələyə düzgün qiymət verməlidir.
İkinci mühüm məsələ bürokratik əngəllərin aradan qaldırılmasıdır. Sovet dövründən sonrakı illərdə, indiyədək yerli icra hakimiyyətləri tərəfindən dənizkənarı mühafizə zolağında yerləşən torpaqlarla bağlı çoxsaylı sərəncamlar verilib. Öz təcrübəmə əsasən deyə bilərəm ki, elə sərəncamlar var ki, onların əhatə etdiyi ərazilər yüz hektarlarla ölçülür.
Əsas məsələ həmin torpaqlardan nə dərəcədə düzgün istifadə olunmasıdır. Belə ərazilərin bir qismi faktiki olaraq zəbt edilmiş vəziyyətdədir. Bəzi fiziki və hüquqi şəxslər onlara ayrılmış torpaqlardan ümumiyyətlə istifadə etməyib, sadəcə həmin əraziləri zəbt edərək saxlayıblar. Bu istiqamətdə şəffaflığın təmin olunmasına ehtiyac var. Torpaqların mövcud vəziyyəti və istifadə qaydaları barədə ictimaiyyətə dolğun məlumat verilməlidir. Çünki ölkədə həmin ərazilərdən daha səmərəli istifadə edə biləcək kifayət qədər fiziki və hüquqi şəxslər var.
Bu sahədə sui-istifadə hallarının və bürokratik əngəllərin qarşısını almaq üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq komissiyalar yaradılmalıdır. Həmin komissiyalar mövcud torpaqların monitorinqini aparmalı, onların hüquqi statusunu və faktiki istifadə vəziyyətini araşdırmalıdırlar. Çünki uzun müddətdir sərəncam əsasında ayrılmış, lakin istifadə edilməyən və ya təyinatına uyğun istifadə olunmayan torpaq sahələri mövcuddur.
Bundan başqa, bəzi qoruq torpaqları dövlət qurumlarının, xüsusilə Xəzər Dəniz Gəmiçiliyinin və SOCAR-ın ərazilərinə düşür. Bu torpaqların da hüquqi statusu və istifadə vəziyyəti araşdırılmalıdır”.



