İtaliya Yepiskoplar Konfransı (CEI) tərəfindən sifariş edilmiş hesabatda 2001-2021-ci illər arasında ölkədə 385 uşaq qurbanı ilə əlaqəli 880 zorakılıq hadisəsi qeydə alındığı, 57 keşişin mühakimə olunaraq həbs cəzasına məhkum edildiyi bildirilir.
Ölkədəki Katolik Kilsəsinin ali orqanı olan CEI-nin noyabrın 25-də Assisidə keçirilən 83-cü Baş Assambleyasında “Günahsızlar İnstitutu (Istituto degli Innocenti)” qeyri-hökumət təşkilatı və Bolonya Universiteti tərəfindən hazırlanmış sui-istifadə halları ilə bağlı hesabatı açıqlanıb.
Hesabatda 2001-ci ildən 2021-ci ilə qədər olan 20 illik dövrü əhatə edən 133 yeparxiyada 880 zorakılıq hadisəsi ətraflı şəkildə təsvir olunub. Bu hadisələrdə 385 uşaq qurban kimi tanınıb və onlardan 70 %-i 14-17 yaşlı oğlanlar olub. Keşişlər tərəfindən törədilən və fiziki təmasla əlaqəli uşaq zorakılığı ən çox yayılmış növ olub və halların 55,6%-ni təşkil edib.
Hesabatda bildirilir ki, təqsirləndirilən şübhəlilərdən 123-ü İtaliya məhkəmə sisteminə bildirilib və onlardan 57-si həbs cəzasına məhkum edilib. CEI-nin (İtaliya Katolik Kilsəsi İnstitutu) rəhbəri kardinal Matteo Zuppi keşişlər tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarı “dəhşətli cinayət” adlandıraraq deyib:
“Gəlin utancımızı gizlətməyək. Biz bunu adı ilə çağırmalı və daşıdığı dəhşəti etiraf etməliyik”. İtaliyada katolik cinsi istismar hallarına qarşı mübarizədə aparıcı təşkilat olan Zorakılıq Qurbanları Şəbəkəsi (Rete L’Abuso) CEI-nin işini “qeyri-kafi” hesab etdiklərini və hesabatda “kompensasiya” və ya “ədalət” sözlərinin qeyd edilməməsindən məyus olduqlarını bildiriblər.



