Yunanıstanın paytaxtı Afinada XIX əsrdə inşa edilmiş Akropolun qədim muzeyi təxminən 20 illik fasilədən sonra ziyarətçilərin üzünə açılıb.
Bu barədə NEWS.am məlumat yayıb.
Muzeyin açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib.
1874-cü ildə tikintisi başa çatan muzey Akropol təpəsində, Parfenon məbədindən bir neçə metr aralıda yerləşir. Ekspozisiyada antik dövrə aid memarlıq fraqmentləri, nəzir əşyaları, yazılar və qədim Afina tarixi ilə bağlı 800-dən çox arxeoloji tapıntı nümayiş etdirilir.
Qeyd edək ki, Akropolun qədim muzeyi müasir Yunanıstanda məhz muzey kimi istifadə olunmaq üçün inşa edilmiş ilk bina olub. O, kolleksiyaların Akropolun yeni muzeyinə köçürülməsi ilə əlaqədar 2007-ci ildə bağlanmışdı.
Yenilənmədən sonra muzeydə süni intellekt texnologiyalarından da istifadə olunur. Ziyarətçilər Parfenonun frizinin rəqəmsal rekonstruksiyasına baxa biləcəklər. Buraya hazırda Londondakı Britaniya Muzeyində saxlanılan və Elgin mərmərləri kimi tanınan heykəllər də daxildir.



