Satışa çıxarıldığı ilk günlərdə “iPhone Duo” alanların təxminən 30 faizi cihazı geri qaytararaq ödədikləri vəsaiti geri alıblar.
Bu nəticə təxminən 6 min nəfərin iştirak etdiyi “9to5Mac” oxucuları arasında keçirilən sorğu zamanı məlum olub.
Nəşrin məlumatına görə, istənilən digər smartfon modeli üçün belə yüksək geri qaytarılma göstəricisi ciddi uğursuzluq hesab edilərdi. Lakin “iPhone Duo” ilə bağlı vəziyyət fərqlidir. Belə ki, “Apple” şirkəti cihazı “orijinal modeldən bəri “iPhone”da edilən ən köklü dəyişiklik” kimi təqdim edir.
Bildirilir ki, yeni dizaynı, yüksək qiyməti və qeyri-adi istifadə qaydası səbəbindən bir çox insan telefonu sadəcə sınaqdan keçirmək məqsədilə alıb.
“9to5Mac”ın oxucuları cihazı geri qaytarma səbəblərini də bölüşüblər. Bəziləri “Face ID” funksiyasının olmamasından narazı qalıb, digərləri kameranın keyfiyyətini bəyənməyib və ya xarici ekranı həddindən artıq kiçik hesab edib.
Alıcılardan biri Saxara səhrasına səfəri zamanı telefonun şarnirlərinə qum dolduğunu və nəticədə cihazın tam açılmadığını bildirib. Digər istifadəçi isə böyük ekrandan yararlanmaq üçün telefonu daim açmalı olduğunu, həmçinin sol əllə idarə etməyin narahatlıq yaratdığını qeyd edib.



