Solaxay insanların depressiyaya daha çox meyilli olması ilə bağlı uzun illərdir mövcud olan stereotiplər yeni elmi araşdırma ilə təkzib edilib. Tədqiqat göstərib ki, solaxayların əsas fərqi psixoloji xüsusiyyətlərindədir. Onlar daha güclü iradəyə, rəqabət ruhuna və qalib gəlmək istəyinə malik olurlar.
Bu barədə İtaliyanın Qabriele dAnnunzio Universitetinin alimləri araşdırma aparıb.
Araşdırma çərçivəsində 1000-dən çox yetkin könüllünün psixoloji göstəriciləri təhlil olunub. Layihənin rəhbəri Culiya Prete müəyyən edib ki, sağaxaylarla solaxaylar arasındakı əsas fərqlər fiziki hərəkətlərdə deyil, rəqabət mühitini necə qəbul etmələrindədir.
Tədqiqat zamanı məlum olub ki, solaxay iştirakçılar “hiperrəqabətlilik” adlandırılan xüsusiyyətə daha çox malikdirlər. Bu, insanın başqalarını geridə qoymaq, üstün olmaq və mümkün olan ən yüksək nəticəyə nail olmaq üçün güclü daxili motivasiyaya sahib olması deməkdir.
Alimlər vurğulayırlar ki, bu xüsusiyyət aqressivliklə əlaqəli deyil. Söhbət məqsədə çatmağa yönəlmiş davamlı psixoloji hazırlıqdan gedir.
Solaxayların fiziki üstünlüyə malik olub-olmadığını yoxlamaq üçün tədqiqatçılar xüsusi bacarıqları testi keçiriblər. İştirakçılardan mexaniki tapşırıqları mümkün qədər sürətlə yerinə yetirmələri istənilib.
Nəticələr göstərib ki, solaxayların hərəkət sürəti baxımından anadangəlmə üstünlüyü yoxdur. Bu isə onların idmanda və ya karyerada qazandıqları uğurların əsasən psixoloji xüsusiyyətləri ilə bağlı olduğunu göstərir.
Alimlərin fikrincə, bu nəticələr solaxaylığın minilliklər ərzində insan populyasiyasında niyə qorunub saxlanıldığını da izah edir. Hazırda dünya əhalisinin təxminən 10 faizi solaxaydır. Tədqiqat müəllifləri hesab edirlər ki, birbaşa rəqabət və qarşıdurma tələb edən vəziyyətlərdə solaxayların daha effektiv olması bu xüsusiyyətin təkamül prosesində qorunmasına kömək edib.
Xüsusilə duel xarakterli idman növlərində solaxaylar tez-tez üstünlük əldə edirlər. Bunun əsas səbəbi rəqiblərin əksəriyyətinin sağ əlli idmançılarla məşq etməyə alışmasıdır.
Solaxayların qeyri-adi hərəkət trayektoriyası və fərqli ritmi rəqiblərin reaksiyasını çətinləşdirir və onlara psixoloji üstünlük qazandırır.
Depressiya və narahatlıqla bağlı iddialar təsdiqlənmədi
Araşdırma çərçivəsində solaxayların depressiyaya və ya yüksək narahatlığa daha meyilli olması ilə bağlı uzun illərdir mövcud olan fikirlər də yoxlanılıb. Nəticələr göstərib ki, solaxaylar və sağaxaylar arasında emosional sabitlik və əsas xarakter xüsusiyyətləri baxımından demək olar ki, heç bir ciddi fərq yoxdur.
Əlavə araşdırmalara ehtiyac var
Tədqiqat müəllifləri etiraf edirlər ki, araşdırmanın müəyyən məhdudiyyətləri var. Belə ki, iştirakçıların əksəriyyətini tələbələr və universitet əməkdaşlarının tanışları təşkil edib.
Alimlərin sözlərinə görə, əldə olunan nəticələrin tam təsdiqlənməsi üçün daha geniş yaş və sosial qrupları əhatə edən yeni tədqiqatların aparılması vacibdir.
Hazırda bu nəticələr insanın bioloji xüsusiyyətlərinin ambisiyalarına, rəqabət davranışına və stresli vəziyyətlərdə qərarvermə strategiyalarına necə təsir göstərdiyini anlamaq baxımından mühüm addım hesab olunur.




