Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi

Səudiyyə Ərəbistanında nikahdan kənar uşaq dünyaya gətirən Keniya vətəndaşı 100 şallaq zərbəsi cəzasına məhkum edilib.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Ester Vancə Mutoni Səudiyyə Ərəbistanında ev işçisi və dayə kimi çalışıb. O, Misir vətəndaşı ilə qısa müddətli münasibətindən hamilə qalıb. Lakin uşağın atası daha sonra ölkəni tərk edib.

Qadının vəziyyəti onun doğuş üçün xəstəxanaya aparılmasından sonra üzə çıxıb. Belə ki, həmin tibb müəssisəsi nikahda olmayan qadınların doğuşu barədə müvafiq dövlət qurumlarına məlumat verməli olub. Miqrant qadın barəsində hökm ötən ay elan edilib.

Ester Mutoni cəzanı çəkə bilməyəcəyindən qorxduğunu bildirib və məhkəmənin qərarını ədalətsiz hesab edib.

Böyük Britaniyada fəaliyyət göstərən “ALQST” hüquq müdafiə təşkilatı hökmü zorakılıq aktı kimi qiymətləndirib. Təşkilat hesab edir ki, qadın cəzalandırılmaq əvəzinə Keniyaya deportasiya edilməli idi.

Təşkilatın direktor səlahiyyətlərini icra edən Məryəm Əl-Dossari Səudiyyə Ərəbistanında həyata keçirildiyi bildirilən islahatları tənqid edib. O, ölkə rəhbərliyinin dünyaya qadın hüquqlarının genişləndirildiyi müasir dövlət imici təqdim etməyə çalışdığını, lakin belə məhkəmə qərarlarının bu iddialarla ziddiyyət təşkil etdiyini vurğulayıb.