Yay mövsümündə təyyarə bileti alarkən reysin vaxtını düzgün seçmək həm vaxt itkisini, həm də əlavə stressi azaltmağa kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə səhər tezdən və ya gecə həyata keçirilən uçuşlar yay aylarında daha etibarlı seçim hesab olunur.
Adətən səhər saatlarında həyata keçirilən uçuşlar günün sonrakı saatları ilə müqayisədə daha az gecikmə və hava şəraitindən qaynaqlanan problemlərlə üzləşir.
Lakin yay aylarında artan ekstremal istilər bu fərqi daha da nəzərəçarpan edir. Ekspertlərin sözlərinə görə, günün ən isti saatlarında uçuş planlaşdırmaq məsləhət görülmür. Son illərdə bir çox məşhur turizm istiqamətlərində müşahidə olunan yüksək temperatur aviareyslərin normal qrafikinə mənfi təsir göstərə bilir.
Havanın həddindən artıq isti olması bəzi hallarda təyyarələrin daşıdığı yükün azaldılmasını zəruri edir. Bu isə reyslərin gecikməsinə, havanın sərinləməsini gözləməsinə, hətta bəzi hallarda uçuşun ləğv edilməsinə və ya sərnişin sayının azaldılmasına səbəb ola bilər.
Bundan başqa, havaya qalxma növbəsini gözləyən təyyarənin salonunda temperatur kifayət qədər yüksək olur. Kondisioner sistemləri işləsə də, sərnişinlər uzun müddət gözləməli olduqda narahatlıq hissi artır.
Mütəxəssislər bu səbəbdən yay mövsümündə səhər erkən və ya gecə saatlarında olan reyslərə üstünlük verməyi tövsiyə edirlər. Belə uçuşlar həm istiliyin təsirinə daha az məruz qalır, həm də gecikmə ehtimalı aşağı olur.
Qeyd edək ki, bir çox aviasiya mütəxəssisi də gün ərzində hava şəraitinin dəyişməsi səbəbindən yaranan gecikmələrin qarşısını almaq üçün günün ilk reyslərini seçməyi etməyi tövsiyə edir.




