NASA-nın “Perseverance” roveri Marsın Jezero kraterində araşdırmalar zamanı maraqlı kəşfə imza atıb.
Roverin lazer sistemləri ilə açıq rəngli süxurlar üzərində aparılan analizlər zamanı korund mineralı aşkarlanıb.
Korund Yer kürəsində yaqut və sapfirin əsasını təşkil edən mineral hesab olunur. Marsda ilk dəfə müəyyən edilən mineralın tərkibində xromla əlaqəli izlər də aşkar edilib. Bu izlər yaqutun xarakterik qırmızı və çəhrayı rənglərinin yaranmasında rol oynayır.
Alimlər korundun Marsda necə formalaşdığını araşdırırlar. Yer kürəsində bu mineral əsasən alüminiumla zəngin, silisium baxımından kasıb mühitlərdə, yüksək temperatur və tektonik proseslərin təsiri nəticəsində yaranır.
Araşdırmada “Hampden River”, “Coffee Cove” və “Smiths Harbour” adlandırılan üç qaya nümunəsi xüsusi diqqət çəkib. Bildirilir ki, həmin süxurlar kraterin müxtəlif hissələrində yerləşən və ana qayadan qoparaq başqa ərazilərə daşınan parçalardır.
Tədqiqatçılar hesab edirlər ki, korund milyardlarla il əvvəl Jezero kraterini yaradan nəhəng meteorit zərbəsi zamanı əmələ gəlmiş ola bilər. Güclü zərbənin yaratdığı yüksək temperatur və təzyiq, eləcə də sonradan yaranan hidrotermal mayelərin süxurlara təsiri mineralın formalaşması üçün uyğun şərait yaradıb.
Kəşfin təfərrüatları “Geophysical Research Letters” jurnalında dərc olunub.



