Cənubi Qafqazda son günlər ən çox müzakirə olunan məsələlərdən biri Fransa prezidenti Emmanuel Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək planının baş tutmaması olub. İddialara görə, Emmanuel Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçməsinə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan razılıq verməyib.
Bu, Fransanın Cənubi Qafqaz siyasətinə zərbə və Makron üçün növbəti siyasi “şapalaq” kimi qiymətləndirilib.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu hadisə bölgədə yeni geosiyasi reallıqların artıq Bakı və Ankara tandeminin iradəsi əsasında formalaşdığını bir daha ortaya qoydu. Eyni zamanda, Makronun regionda təsir imkanlarını artırmaq və Fransa üçün yeni siyasi mövqe qazanmaq cəhdinin nəticəsiz qalması Parisin Cənubi Qafqaz siyasətində ciddi problemlərlə üzləşdiyini göstərən növbəti nümunə kimi dəyərləndirilir.
Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirdi ki, Fransa prezidenti Emmanuel Makronun son davranışları və açıqlamaları Parisin regionla bağlı iddialı planlarını ortaya qoyur.
Makron özünü əsas oyunçu kimi təqdim etməyə çalışır
Politoloqun sözlərinə görə, Makronun Avropa Siyasi Birliyinin toplantısındakı çıxışı və Ermənistandan verdiyi mesajlar belə bir təəssürat yaradır ki, Fransa artıq Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilmək istəyir:
“Fransa Cənubi Qafqazda öz təsir imkanlarını artırmaq, Rusiya ilə rəqabətə girmək niyyətindədir və bunu açıq şəkildə nümayiş etdirir. Amma reallıq ondan ibarətdir ki, bu bəyanatlar və davranışlar Fransanın real imkanları ilə üst-üstə düşmür”.
Oqtay Qasımov vurğuladı ki, regionda əsas söz sahibi olan qüvvələr tarixən formalaşıb və son illərdə bu prosesdə Azərbaycan-Türkiyə tandemi həlledici rol oynayır:
“Son altı ildə bölgədə əsas söz sahibləri Azərbaycan və Türkiyə tandemidir. Cənubi Qafqazda sülhün əldə olunması və proseslərin irəliləməsi üçün iki dövlətin koordinasiyalı fəaliyyəti mühüm əhəmiyyət daşıyır”.

Makron dominant güc olduğunu göstərmək istəyirdi
Politoloq hesab edir ki, Makronun Ermənistandan quru yolla Türkiyəyə keçmək istəyi təsadüfi addım deyildi. Onun fikrincə, Fransa prezidenti bu yolla həm Ermənistanda dominant güc olduğunu nümayiş etdirməyə, həm də regiondakı proseslərə təsir imkanlarını göstərməyə çalışırdı:
“Makron bu addımı ilə göstərmək istəyirdi ki, Ermənistanda dominant güc sahibidir və Cənubi Qafqazdakı proseslərə ciddi təsir etmək imkanına malikdir. Amma onun bu arzusunun baş tutmaması və burada Azərbaycan-Türkiyə faktorunun önə çıxması onu göstərdi ki, Cənubi Qafqazda proseslər Fransanın iradəsi ilə həyata keçmir”.
Ekspert qeyd etdi ki, bölgədə konkret güc mərkəzləri mövcuddur və onlar xarici müdaxilələrin qarşısını almaqda maraqlıdırlar.
“Bu bölgədə konkret güc mərkəzləri var və onlar Cənubi Qafqaza xarici müdaxilənin olmasını istəmirlər. Buna imkan vermirlər”, – deyə müsahib bildirdi.
Fransa, nəhayət bunu anlamalıdır
Oqtay Qasımovun fikrincə, bu hadisə bir daha göstərdi ki, regionda əsas koordinasiya Bakı və Ankara arasında həyata keçirilir:
“Önəmli olan Azərbaycan və Türkiyənin koordinasiyalı fəaliyyətidir. Məhz bu fəaliyyət Cənubi Qafqazda prosesləri bugünkü mərhələyə gətirib çıxarıb və sülh prosesi irəliləyir”.
Politoloq əlavə etdi ki, Makronun regionda “təminatçı” rolunda çıxış etmək cəhdi uğursuzluğa düçar olub. Politoloqa görə, Makronun İrəvandakı mesajları reallıqla uzlaşmır və bu yanaşma Ermənistan üçün də əlavə problemlər yarada bilər.
“Hesab edirəm ki, Cənubi Qafqazda proseslərdə iştirak etmək üçün Azərbaycan və Türkiyənin razılığı olmalıdır. Fransa da, nəhayət bunu anlamalıdır. Əks halda, bu cür uğursuzluqlar davam edəcək”, – deyə Oqtay Qasımov fikrini yekunlaşdırdı.




