Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi

Stokholm Universitetinin Yaxın Şərq üzrə eksperti Hovard Eissenstat, Türkiyə ilə İsrail arasında mümkün qarşıdurma barədə xəbərdarlıq edib. 

Eissenstat “Türkiyə-İsrail rəqabəti: Növbəti böyük Yaxın Şərq münaqişəsi?” adlı məqaləsində Türkiyə və İsrailin regional dominantlıq uğrunda mübarizə apardığına işarə edib.

O, iki ölkənin yaxın gələcəkdə birbaşa müharibəyə girməyi planlaşdırmadığını, lakin hər iki ölkənin Yaxın Şərq üzərində hüquq iddiası irəli sürdüyü üçün münaqişənin mümkünlüyünü vurğulayıb.

Hakimiyyət mübarizəsi artıq başlayıb

Eissenstat bu hakimiyyət mübarizəsinin artıq başladığını bildirərək, ötən ildən əhəmiyyətli nümunələr göstərib. Məqalədə xatırladılıb ki, 2025-ci ilin aprel ayında İsrail Türkiyənin onlardan istifadə etməsinin qarşısını almaq üçün Suriyadakı bazalara zərbə endirib. İsrail o dövrdə Suriyaya hücumlarının səbəbi kimi bu izahatı vermişdi.

İran amili balansı dəyişdi

Ekspertin fikrincə, İranın zəifləməsi regiondakı güc balansını köklü şəkildə dəyişib. Əvvəllər regional təcrid yaşayan Türkiyə bir sıra ölkələr tərəfindən daha vacib tərəfdaş kimi qəbul olunmağa başlayıb. Eyni zamanda İsrail də Körfəz ölkələri ilə münasibətlərini gücləndirərək, xüsusilə 2020-ci il “İbrahim razılaşmaları”ndan sonra mövqeyini möhkəmləndirib.

Yaxın gələcəkdə müharibə gözlənilmir

Eissenstat vurğulayıb ki, yaxın müddətdə Türkiyə-İsrail arasında birbaşa hərbi qarşıdurma ehtimalı zəifdir. Lakin tərəflər arasında rəqabət struktur xarakter daşıyır və bu gərginlik zamanla daha da dərinləşə bilər. Xüsusilə Suriya kimi üçüncü ölkələrdə baş verən proseslərin nəzarətdən çıxması risk kimi qiymətləndirilir.

Mütəxəssis həmçinin bildirib ki, ABŞ hələ də iki ölkə arasında əsas balanslaşdırıcı güc rolunu oynayır. Lakin mövcud sakitliyin davamlı həll kimi qəbul olunmaması regional qeyri-müəyyənliyi artırır.

Yeni Orta Şərq rəqabəti

Analitikə görə, Türkiyə və İsrail arasındakı münasibətlər artıq yalnız Fələstin məsələsi ilə məhdudlaşmır. Bu, regionda yeni güc mərkəzlərinin formalaşdığı genişmiqyaslı strateji rəqabətə çevrilib.