Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı

Mərakeşin hüquq-mühafizə orqanları yüzlərlə miqrantın muxtar Seuta şəhərinin sərhədini qanunsuz yolla keçmək cəhdinin qarşısını alıb.

Bu barədə EFE agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə dağlıq ərazidə qeydə alınıb. Bundan əvvəl sosial şəbəkələrdə Seuta sərhədini qeyri-qanuni keçmək üçün yeni kütləvi aksiyaya hazırlıq görüldüyü barədə paylaşımlar edilmişdi. Bununla əlaqədar olaraq, Mərakeş və İspaniya şəhər sərhədində təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəliblər.

Xatırladaq ki, iyul ayının sonunda onminlərlə qanunsuz miqrant şəhəri Mərakeşdən ayıran dalğaqıranı keçərək üzərək və piyada Seutaya daxil ola bilmişdi. Yaranmış böhran fonunda rəsmi Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb etmək qərarı vermişdi.

Qeyri-qanuni miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur. Lakin İspaniya rəsmilərinin məlumatına görə, hazırda şəhərdə hələ də 5 minə yaxın miqrant qalmaqda davam edə bilər.