İnsanların yuxuda gəzməsinin SƏBƏBİ

Lunatizm, yəni yuxuda gəzmək insan yuxusunun ən sirli xüsusiyyətlərindən biri hesab olunur. Alimlər uzun illərdir bu fenomeni araşdırsalar da, onun tam səbəbi hələ də tam aydın deyil. Maraqlıdır ki, bir çox heyvan yuxu zamanı pəncələrini, bığlarını və ya quyruqlarını hərəkət etdirsə də, tam şəkildə yuxuda yerimək davranışı əsasən yalnız insanlarda müşahidə olunur. Tədqiqatçılar hesab edirlər ki, bunun səbəbi insanın təkamül tarixi ilə əlaqədar ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, primatların əksəriyyəti ağacların hündür budaqlarında yatırdı və yuxu zamanı hər hansı hərəkət onların yıxılaraq həyatını itirməsinə səbəb ola bilərdi.

Buna görə də təbii seçmə prosesi zamanla yuxuda hərəkət etməyə meylli fərdlərin sayını azaldıb. Lakin insan əcdadları yer üzərində yaşamağa və yatmağa başladıqdan sonra vəziyyət dəyişib. Onlar qorunan düşərgələr qurur, oddan istifadə edir və gecə növbətçiləri saxlayırdılar. Bu isə gecə yuxuda qalxan şəxslər üçün təhlükəni xeyli azaldırdı.

Təkamül antropoloqu David Samson bildirir ki, lunatizm faydalı bir bacarıq deyil, əksinə, yuxu mexanizmlərində yaranan bir pozuntudur. Bu vəziyyət zamanı beynin hərəkətə cavabdeh olan hissələri fəaliyyətini davam etdirir, lakin şüur, yaddaş və baş verənləri dərk etmə ilə bağlı sahələr qeyri-aktiv qalır.

Alimlər lunatizmlə irsi amillər arasında əlaqə də aşkar ediblər. Ailədə bu problem heç vaxt müşahidə olunmayıbsa, uşaqlarda onun yaranma ehtimalı nisbətən aşağı olur. Lakin valideynlərdən biri və ya hər ikisi lunatizmdən əziyyət çəkibsə, risk əhəmiyyətli dərəcədə artır.

Mütəxəssislər vurğulayırlar ki, nadir hallarda baş verən lunatizm epizodları adətən ciddi təhlükə yaratmır. Bununla belə, yetkin insanlarda tez-tez təkrarlanan yuxuda gəzmə halları xroniki stress, yuxusuzluq, alkoqol qəbulu, yüksək hərarət və ya yuxu zamanı tənəffüs pozuntuları kimi problemlərlə əlaqəli ola bilər.

Tədqiqatçıların fikrincə, lunatizmin insanlarda bu günə qədər qalmasının əsas səbəbi həyat şəraitinin dəyişməsi və bu vəziyyətin digər heyvanlarla müqayisədə daha az təhlükəli olmasıdır.