Çağdaş dövrümüzdə suveren dövlətlər ideoloji təzyiqlər, xarici müdaxilələr, hibrid təhdidlərlə üzə-üzədirlər. İctimai fikri yönləndirmək üçün istifadə olunan çeşidli alətlər bəzən ən güclü silahlardan belə öldürücü olur. Münaqişələri yaratmaq, qızşıdırmaq, müharibələrə zəmin hazırlamaq və hakimiyyətləri devirmək üçün aparılan hibrid təhdidlərin qarşısını almaq üçün güclü milli təhlükəsizlik konsepsiyasının, kibertəhlükəsizlik proqramının, informasiyalı, savadlı cəmiyyətin olması əsas şərtlərdəndir.
Əhalinin hibrid təhdidlərə sayıqlılığının artırılması üçün ölkə ziyalılarının, ağsaqqalların üzərinə böyük məsuliyyət düşür.
Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciətindəki bu fikirlər diqqət cəlb edir:
“Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir” – deyə, Prezident qeyd edib.
Azərbaycana qarşı aparılan hibrid təhdidlər, onların sifarişçiləri və icraçılarının kimliyi ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərovun sözlərinə görə, münaqişə tərəflərindən biri digərinə zərər vurmaq, onu daxili və xarici siyasətində dəyişikliyə nail olmaq üçün hibrid təhdidlərdən istifadə edir: “Tərəflər təzyiq vasitəsi olaraq, proksi qüvvələr yaradır, ideoloji və informativ basqılarl artırır. Kiber hücumlar, etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk nyusların dövriyyəyə buraxılması hibrit təhdidlərin əsas elementləridir. Bu məsələlər hazırda bütün dünya dövlətlərini narahat edir. 2013-cü ildə NATO-nun təşəbbüsü ilə “Kiber müharibəyə münasibətdə tətbiq olunan beynəlxalq hüquq üzrə Tallin anlaşması” hazırlanıb. Bu sənəddə kiber-müharibə və kiber-əməliyyatlarla bağlı beynəlxalq hüquq normaları öz əksini tapıb”.
N.Səfərov qeyd edir ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, bəzi dövlətləri və onların dəstəkçilərini ciddi narahat edib: “Ermənistanda revanşıst qüvvələrin maliyyələşdirilməsi, ağır silah növlərinin Ermənistana ötürülməsi, Avropa Birliyinin missiyasının regiona göndərilməsi Azərbaycana qarşı yeni təhlükəli mənbəyi yaratmaqdan başqa bir şey deyil. Regionda beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasında maraqlı olmayan qüvvələr Azərbaycanın daxili və xarici siyasətinin vektorlarını öz istəklərinə uyğun yönləndirmək istəyirlər. Bunun üçün də bütün sahələrdə hibrid təhdidlərdən istifadə olunur. Təbii ki, Azərbaycan bu cəhdlərin qarşısını almaq, illi maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görür. Milli Məclis tərəfindən Xarici müdaxilələrə və hibrid təhdidlərinə qarşı müvəqqəti komissiyanın yaradılması da məhz zəruri tədbirlər planına daxildir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlarımıza cavab verən uğurlu daxili və xarici siyasət həyata keçirilir: “Heç bir xarici müdaxilə cəhdi, təhdid və ya beynəlxalq müstəvidə müşahidə etdiyimiz neo-kolonializm meylləri bizi yolumuzdan çəkindirə bilməz. Mən hər zaman qeyd etmişəm ki, terror təkcə fiziki deyil, həm də psixoloji və ideoloji müstəvidə həyata keçirilir. Bir ölkəyə qarşı hibrid təhdid olaraq informasiya terrorundan istifadə olunur. Bu gün ölkədə milli və dövlət maraqlarını müdafiə edən şəxslər başıpozuq kütlə tərəfindən təhdid və təhqir olunurlar. Hətta dövlət qurumları, hüquq-mühafizə orqanları informasiya terroruna məruz qalırlar. Xaricdə outran radikal qüvvələr orada onlara yaradılan şəraitdən istifadə edərək ən iyrənc, ağlagəlməz üsullardan istifadə edir, qarayaxma kampaniyası aparırlar. Sosial şəbəkələrdə dövlətə, hakimiyyət nümayəndələri və onların ailələrinə, ziyalılara qarşı açıq təhqir və aqressiv çağırışlar edilir.
Bunlar 1990-cı illərin əvvəllərində Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan qüvvələrin tör-töküntüləridir. Vaxtilə ölkədə vətəndaş müharibəsi başladan, respublikanı dərin böhrana sürükləyən xainlərin davamçılarının gücü xaricə gedib oradan üstümüzə hücum çəkməyə çatır. Ölkəni xaos, hərc-mərclik, talançılıq, korrupsiya yuvasına çevirmək istəyənlərin cəhdləri baş tutmayacaqdır. Çünki Azərbaycan xalqı bu rəzil, xəyanətkar, səriştəsiz dəstənin bir illik hakimiyyətini unutmayıb, onları tariximizin qaranlıq səhifəsi kimi xatırlayır. Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən xaricdəki “söyüş müxalifəti”nin milli-mənəvi dəyərlərimizə qənim kəsilməsi ictimaiyyətdə qəzəb doğurur. Müstəqil siyasətimizi, iqtisadi inkişafımızı, sabitliyi həzm edə bilməyənlər destruktiv davranışlar ilə aparılan islahatlara mane olmağa çalışırlar. Azərbaycana qarşı aparılan hibrid təhdidlərin icraçılarının fəaliyyəti ikrah doğurur. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolunun bədxah qüvvələri narahat etməsi, qıcıqlandırması başadüşüləndir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsi, işğal olunmuş ərazilərdə həyata keçirdiyi tikinti-quruculuq işləri beynəlxalq tədbirlərdə təqdir edilir, nümunə kimi göstərilir. Azərbaycanın Cənubi Qafqazda strateji və geosiyasi baxımdan vacib ölkə olduğu arıq hər kəs tərəfindən qəbul edilir”.
Hikmət Babaoğlu onu da bildirdi ki, Azərbaycançılıq ideologiyası hibrid təhdidlərə qarşı güclü silahdır: “Azərbaycan dövlətinə, onun tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə və dilinə sahib çıxan xalq və hakimiyyət birliyi istənilən xarici təhdidə qarşı mübarizə aparmaq əzmindədir. Milli həmrəylik, səfərbərlik və dövlət ətrafında birləşmə ideyası bizi daha güclü edir. Ulu Öndər Heydər Əliyev tərəfindən vahid milli və ideoloji konsepsiya kimi irəli sürülən dəyərlər Azərbaycan xalqının milli şüuruna hopub və praktik müstəvidə öz təsdiqini tapdı. Bu ideologiyanın sayəsində biz 44 günlük Vətən Müharibəsində bir yumruq olduq, ortaya güc qoyduq və qələbə qazandıq”.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




