Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr tarixlərində Azərbaycan çempionatı keçiriləcək.

Akademik avarçəkmə, kayak və kanoe üzrə baş tutacaq yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Yarışda avarçəkənlər akademik avarçəkmə və kayak növündə  1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə olaraq kayak növündə qarışıq cütlüklərin yarışı baş tutacaq.  

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.