“O, Şuşaya gələn kimi bu məktəbin tamamilə milliləşdirilməsi, dərslərin ana dilində keçilməsi üçün xüsusi quberniya fondu yaratdı…”
“Onun qətiyyətli əmri var idi: “Bir müəllimin burnu qanasa, o kəndin asayişindən cavabdeh olan hər kəs hərbi tribunal qarşısında cavab verəcək..”.
“Xosrov bəyin təşəbbüsü və birbaşa göstərişi ilə Ağdam və Cavanşir qəzalarında ilk dəfə olaraq “Səyyar- köçəri) kənd məktəbləri” layihəsi sınaqdan keçirildi…”
“Ağdamda sınaqdan keçird“iyi “Yaylaq məktəbləri” təcrübəsini Kəlbəcərə də daşıdı. Kəlbəcərin zəngin yaylaqlarına köçən el-elatın uşaqları üçün xüsusi çadır-məktəblər yaradıldı…”
“O, Şuşada dövlət tərəfindən ona ayrılan və ya şəxsi nəzarətində olan mülklərdən birini sırf elmi-mədəni məqsədlər üçün ayırdı və burada “Şərq kitabxanası təsis etdi…”
“Xosrov bəy Qubadlı, Zəngilan və Cəbrayılın yerli bəylərini və mülkiyyətçilərini Bakıda açılan yeni universitetə (BDU) və xaricə tələbə göndərilməsi fonduna ianə verməyə rəsmən məcbur edirdi…”
“Xosrov bəy Şuşada, Ağdamda və Zəngəzur nahiyələrində qız məktəblərinin açılması, müsəlman qızlarının təhsilə cəlb edilməsi üçün qardaşı qızı Leyla xanım Sultanova kimi savadlı ailə üzvlərini və digər ziyalı qadınları Qarabağa dəvət edirdi…”
“O, hərbi güclə maarifçilik işini sintez etmiş, erməni separatizminin vurduğu zərbələrin yerini dərhal yeni açılan məktəb ocaqları ilə sağaltmağa çalışmışdır…”
**** **** **** **** ****
Ön söz yerinə: Silahların kölgəsində düşünülən gələcək…
Tarixin elə dönəmləri olur ki, orada zaman saniyələrlə ölçülür, hər saniyə isə bir millətin varlıq ya yoxluq sınağına çevrilir. 1919-cu ilin soyuq yanvarında, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaradılanda bölgə sözün həqiqi mənasında barıt çəlləyi idi. Erməni daşnak separatizminin, Andranikin qanlı dəstələrinin və xarici havadarların Qarabağı qoparmaq planlarının qarşısına tək bir güc çıxmalı idi: dövlətin qətiyyəti. Həmin qətiyyətin adı isə general-qubernator təyin edilən Xosrov bəy Sultanov idi…

Lakin Xosrov bəy sadəcə qılınc qəhrəmanı, səngər adamı deyildi. O, Odessanın Novorossiysk Universitetində yüksək tibb təhsili almış, Avropa elmini və mədəniyyətini dərindən mənimsəmiş əsl ziyalı, Şərq fəlsəfəsinə bələd olan dahi bir mütəfəkkir idi. O, yaxşı bilirdi ki, Qarabağı təkcə silah gücü ilə qorumaq müvəqqəti qələbədir; bu torpaqlarda əbədi suverenliyin formalaşması yalnız və yalnız elm, maarif və milli təhsilin qələbəsi ilə mümkündür…
Arxiv sənədlərinə baxdıqda bədii və tarixi bir mənzərə canlanır: Xosrov bəyin qubernatorluq xəritəsi yalnız Şuşa və Ağdamdan ibarət deyildi. Onun idarə etdiyi dörd böyük qəzanın sərhədləri daxilində bu gün fəxr etdiyimiz Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl torpaqları dayanırdı…
Bu yazı, hərbi sərkərdə və dövlət naziri Xosrov bəy Sultanovun həm Bakıda hökumət kabinetlərində, həm də Qarabağın, dağlıq Zəngəzurun dumanlı qayalarında elm dalğasını necə başlatdığının bütöv salnaməsidir.
Nazir kürsüsündən qubernatorluğa: Milli təhsil siyasətinin hüquqi təməlləri…
Xosrov bəy Sultanov Qarabağa göndərilməmişdən əvvəl Azərbaycanın ilk hərbi naziri, daha sonra isə Fətəli xan Xoyski hökumətində torpaq və əmək naziri vəzifələrini icra etmişdi. Bakıda dövlət idarəçiliyinin mərkəzində dayandığı ilk gündən o, maariflənmə layihələrinin aktiv tərəfdarı olmuşdur. Cümhuriyyət hökumətinin 1918-ci il 28 avqust tarixli “Məktəblərin milliləşdirilməsi haqqında” qərarının qəbul edilməsində və real tətbiqində Xosrov bəyin nazir kimi siyasi çəkisi böyük rol oynamışdır. O, parlament və hökumət iclaslarında hər zaman vurğulayırdı ki, ordunun gücü əsgərin əlindəki silahdan öncə onun beynindəki milli şüurla ölçülür…
Nazir olduğu dönəmdə hərbi məktəblərin proqramlarına Azərbaycan dili, tarixi və coğrafiyası fənlərinin mütləq şəkildə daxil edilməsini tələb edirdi. Bu, onun gələcəkdə Qarabağ quberniyasının ən ucqar kəndlərində həyata keçirəcəyi genişmiqyaslı “kültür inqilabı”nın mərkəzi bünövrəsi idi.
Şuşa – maarifçiliyin beşiyi: “Məktəb ordusu”nun qurulması…
1919-cu ilin yanvarında Şuşaya qədəm basan general-qubernator Xosrov bəy Sultanov ilk müraciətlərində bəyan etdi ki, bölgədə dinindən və milliyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Lakin o, dərhal anladı ki, bölgədəki separatçı erməni ideologiyasının və kütləvi savadsızlığın qarşısını almağın yeganə yolu Şuşanın köklü maarifçilik ənənələrini yenidən canlandırmaqdır.
1. Realnı Məktəbin və gimnaziyaların milliləşdirilməsi…

Şuşa Realnı Məktəbi o dövrdə bütün Qafqazda məşhur olan bir elm ocağı idi. Lakin çar Rusiyası dövründən qalan şovinist kadrlar təhsilin Azərbaycan dilinə keçməsinə daxildən müqavimət göstərirdilər. Xosrov bəy Şuşaya gələn kimi bu məktəbin tamamilə milliləşdirilməsi, dərslərin ana dilində keçilməsi üçün xüsusi quberniya fondu yaratdı. Bakıdan bura milli kadrların, gənc müəllimlərin cəlb edilməsi üçün qubernator maaşlarından əlavə dotasiyalar təyin etdi.
2. Müəllimlərin təhlükəsizliyi və “məktəb mühafizəsi”…
Daşnak terrorunun tüğyan etdiyi bir vaxtda kəndlərdə müəllim işləmək ölümə bərabər idi. Xosrov bəy Sultanov Şuşa və ətraf kəndlərdə fəaliyyət göstərən azərbaycanlı müəllimlərin təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi patrullar ayırdı. Onun qətiyyətli əmri var idi: “Bir müəllimin burnu qanasa, o kəndin asayişindən cavabdeh olan hər kəs hərbi tribunal qarşısında cavab verəcək..”. Bu addım kənd müəllimlərinə elə bir cəsarət verdi ki, müharibə alovları içində belə, Şuşanın onlarla kəndində ibtidai məktəblər öz qapılarını bağlamadı…
Ağdam: Qarabağın maarif logistikası və səyyar təhsil…
Ağdam o dövrdə Qarabağın həm iqtisadi, həm də strateji qapısı hesab olunurdu. Şuşa dağlıq qala idisə, Ağdam düzən Qarabağla dağlıq hissəni birləşdirən mərkəz idi. Xosrov bəy Ağdamın bu strateji coğrafi mövqeyindən maarifçilik işində də məharətlə istifadə etdi…
1. Köçəri və kənd məktəblərinin açılması…
Qarabağın düzənlik hissəsində və Ağdam ətrafında yaşayan əhalinin böyük qismi heyvandarlıqla məşğul olur, yayda yaylaqlara köçürdü. Bu isə uşaqların təhsildən kənarda qalmasına səbəb olurdu. Xosrov bəyin təşəbbüsü və birbaşa göstərişi ilə Ağdam və Cavanşir qəzalarında ilk dəfə olaraq “Səyyar- köçəri) kənd məktəbləri” layihəsi sınaqdan keçirildi. Müəllimlər ellərlə birlikdə yaylaqlara köçür, çadırlarda quraşdırılmış siniflərdə uşaqlara yazı-pozu öyrədirdilər…
2. İttihad və Müsavat məktəblərinə dəstək…
Ağdamda yerli xeyriyyəçilərin və müəllimlərin açdığı “Rus-tatar” məktəblərinin (milli məktəblərin) binası genişləndirildi. Xosrov bəy, siyasi baxışlarından asılı olmayaraq, hər iki cərəyanın maarifçi qanadını Ağdamda bir araya gətirib milli siniflər açdırdı. Ağdamın yerli bəylərini elmə sərmayə qoymağa məcbur etdi, imtiyazlı ailələrin üzərinə “maarif vergisi” kimi könüllü-məcburi öhdəliklər qoydu…
Laçın və Kəlbəcər: dağlar qoynunda intibah tarixi…
Zəngəzur qəzasının Hacısamlı nahiyəsi, yəni indiki Laçın və Cavanşir qəzasının dağlıq hissəsi olan Kəlbəcər Xosrov bəyin hərbi-strateji dayaq nöqtələri idi. Onun qardaşı bəylər bəyi Sultan bəyin rəhbərlik etdiyi yerli özünümüdafiə dəstələri bu dağları qoruyarkən, Xosrov bəy də arxada savadlı bir nəsil yetişdirmək qayğısına qalırdı…
1. Laçın (Qürdqacı və Hacısamlı mühiti)
Sultanovlar nəslinin doğma yuvası olan Qurdqacı kəndi bu gün fəxr etdiyimiz Laçın maarifçiliyinin ilk mərkəzlərindən birinə çevrildi. Xosrov bəy və qardaşı Sultan bəy öz şəxsi vəsaitləri və mülkləri hesabına hələ Cümhuriyyətdən əvvəl də bu bölgədə uşaqların maariflənməsinə kömək edirdilər. Qubernatorluq dövründə isə Hacısamlı və ətraf obalarda ilk rəsmi Azərbaycan dilli ibtidai siniflər təşkil olundu. Coğrafi cəhətdən dağlıq və çətin keçilən Laçın kəndlərinə Şuşa Realnı məktəbinin və Gəncə gimnaziyasının məzunları olan gənc müəllimlər məhz qubernatorun xüsusi təyinatı, can təhlükəsizliyi zəmanəti və quberniya büdcəsindən ayrılan yüksək maaş təminatı ilə göndərilirdi…

3. Kəlbəcər yaylaqlarında “Çadır məktəbləri”…
Kəlbəcər həmin dövrdə Cavanşir qəzasının tərkibində təcrid olunmuş, daşnak quldurlarının hücumlarına ən çox məruz qalan bir bölgə idi. Burada sabit məktəb binası saxlamaq, demək olar ki, qeyri-mümkün idi. Xosrov bəy Ağdamda sınaqdan keçirdiyi “Yaylaq məktəbləri” təcrübəsini Kəlbəcərə də daşıdı. Kəlbəcərin zəngin yaylaqlarına köçən el-elatın uşaqları üçün xüsusi çadır-məktəblər yaradıldı. Müəllimlər yay mövsümündə kəndlilərlə bərabər dağlara qalxır, çadırlarda quraşdırılmış lövhələrin qarşısında uşaqlara dünyəvi təhsil verirdilər. Bu, tarixdə Kəlbəcər ərazisində savadsızlığa qarşı atılan ilk kütləvi inzibati-marifçi addım idi…
Qubadlı, Zəngilan və Cəbrayıl: Arazboyu maarif cəbhəsi…
Zəngəzur qəzasının cənub hissəsini təşkil edən indiki Qubadlı, Zəngilan və eyniadlı qəzanın mərkəzi olan Cəbrayıl, həmçinin Füzuli(keçmiş Qaryagun) coğrafiyası Araz boyu düzənliklərlə sıx bağlı olduğu üçün burada infrastruktur qurulması Şuşaya nisbətən asan olsa da, hərbi vəziyyət bir o qədər təhlükəli idi…
1.”Rus-Tatar” məktəblərinin dövlətləşdirilməsi…
Çar dövründən qalan və imperiya ideologiyasına xidmət edən Cəbrayıl və Qubadlı ətrafındakı qəza məktəbləri Xosrov bəyin əmri ilə tamamilə Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin proqramına tabe edildi. Dərsliklər Bakıdan gətirilən yeni milli vəsaitlərlə əvəzləndi. Qubadlı və Bərgüşad dərəsində fəaliyyət göstərən dini məktəblərin dünyəvi proqrama keçməsi üçün yerli axundlar və ruhanilərlə qubernator səviyyəsində danışıqlar aparıldı, din xadimlərinin dövlət maraqlarına xidmət edən maarifçiliyə dəstək verməsi təmin olundu.
2. Yerli elitanın maarif səfərbərliyi…
Xosrov bəy Qubadlı, Zəngilan və Cəbrayılın yerli bəylərini və mülkiyyətçilərini Bakıda açılan yeni universitetə (BDU) və xaricə tələbə göndərilməsi fonduna ianə verməyə rəsmən məcbur edirdi. O, yerli hakim təbəqəyə anladırdı ki, silah saxlamaq torpağı qorumaq üçün nə qədər vacibdirsə, məktəb binaları tikmək də gələcəyi qorumaq üçün o qədər şərtdir. Onun təşəbbüsü ilə bu qəzalardan olan onlarla gənc quberniyanın xüsusi zəmanət məktubları (çar dövründə “otnoşeniye”- “münasibət”) ilə Bakıya təhsil almağa göndərildi…

Xosrov bəyin şəxsi evi: Şuşada ilk “Şərq kitabxanası” və elmi mühazirələr…
Tədqiqatlar və arxiv sənədlərdə ən çox diqqət çəkə məqamlardan biri Xosrov bəyin Şuşadakı şəxsi mülki fəaliyyətidir. O, Şuşada dövlət tərəfindən ona ayrılan və ya şəxsi nəzarətində olan mülklərdən birini sırf elmi-mədəni məqsədlər üçün ayırmışdı. Burada təsis edilən “Şərq kitabxanası” Qarabağ ziyalılarının, gənc müəllimlərin və tələbələrin əsas sığınacaq yerinə çevrilmişdi. Kitabxanaya Bakıdan, Tiflisdən, hətta İstanbuldan gətirilən elmi, fəlsəfi və bədii ədəbiyyatlar toplanırdı. Daha da maraqlısı odur ki, cəbhədəki gərgin döyüşlərdən, Zəngəzur və Cəbrayıldakı hərbi əməliyyatlardan qayıdan general-qubernator bu binaya gəlir, hərbi mundirini çıxarıb, ziyalı cübbəsi geyinərək gənclər qarşısında Şərq tarixi, sivilizasiyalar və Avropa tibb elminin nailiyyətləri barədə şəxsən elmi mühazirələr oxuyurdu. Bu, bir liderin xalqına verə biləcəyi ən böyük şəxsi nümunə idi…
İstedadların himayədarı və qadın təhsilinə xüsusi diqqət…

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ildə 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi haqqında tarixi qanun qəbul edəndə Xosrov bəy Sultanov Qarabağ, Zəngəzur və Cəbrayıl qəzalarından olan kimsəsiz, kasıb, amma istedadlı gənclərin sənədlərini şəxsən nəzarətə götürür, onların Bakıya, oradan isə Avropaya göndərilməsinə şərait yaradırdı…
Xosrov bəy Sultanov təkcə qubernator kimi deyil, öz ailəsi və nəsli ilə də maarifçilik missiyasını yerinə yetirirdi. Onun qardaşı Rüstəm bəyin qızı Leyla xanım Sultanova Bakıda “Müqəddəs Nina” qadın məktəbini bitirmiş ilk peşəkar azərbaycanlı qadın pedaqoqlardan biri idi. Xosrov bəy Şuşada, Ağdamda və Zəngəzur nahiyələrində qız məktəblərinin açılması, müsəlman qızlarının təhsilə cəlb edilməsi üçün Leyla xanım kimi savadlı ailə üzvlərini və digər ziyalı qadınları Qarabağa dəvət edirdi. Onun qubernatorluğu dövründə Qarabağın mühafizəkar mühitində qızların dünyəvi təhsilə cəlb olunma faizi görünməmiş dərəcədə artmışdı…
Son söz: tarixin unudulmaz dərsi: “hərbi mühafizə altındakı elm”…
1920-ci ilin aprelində Cümhuriyyətin süqutu və bolşevik işğalı Xosrov bəy Sultanovun Qarabağın dörd bir tərəfində başladığı bu böyük maarifçilik və quruculuq xəttini yarımçıq qoydu. O, mühacirətə getməyə məcbur oldu, ömrünün sonuna qədər vətən həsrəti ilə yaşadı. Lakin onun cəmi 1 il yarımlıq general-qubernatorluğu dövründə Şuşanın qalasından Laçının dağlarına, Cəbrayılın və Qubadlının düzlərindən Kəlbəcərin yaylaqlarına qədər əkdiyi maarif toxumları qurumadı…
Xosrov bəy Sultanov bu qəzalarda təhsili “hərbi mühafizə altındakı elm” formulası ilə qoruyurdu. O yaxşı bilirdi ki, müəllimi qoruya bilməyən dövlət orada məktəb saxlaya bilməz. O, hərbi güclə maarifçilik işini sintez etmiş, erməni separatizminin vurduğu zərbələrin yerini dərhal yeni açılan məktəb ocaqları ilə sağaltmağa çalışmışdır. Cəbhədə silahla qorunan sərhədlər daxilində açılan milli məktəblər, oxunan mühazirələr və yetişən ziyalılar Qarabağın Azərbaycan ruhunu qoruyub saxlayan ən keçilməz mənəvi istehkamlar oldu. 1920-ci illərdən sonra bu rayonlarda intibah edəcək savadlı nəslin və məktəb sisteminin milli bünövrəsini məhz bu qısa, lakin şərəfli dövr təşkil etdi…
Sultan Laçın
Qeyd:
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.




